Almaniyadan Mərkəzi Asiya təşəbbüsü: 5 ölkənin lideri Berlində

11:15 28.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Berlin beş Mərkəzi Asiya ölkəsinin liderlərini qəbul etməyə hazırlaşır. Baş nazir Olaf Şolz və prezident Frank Valter Ştaynmayerlə görüşəcək liderlər tarixdə ilk dəfə bir AB ölkəsinə birlikdə səfər edəcəklər.

Hafta.az-ın DW-a istinadən yazdığına görə, Almaniya hökumətindən verilən açıqlamada görüşün ideyasının baş nazir Şolzdan gəldiyi açıqlanıb. Bildirilib ki, beş Mərkəzi Asiya ölkəsinin liderləri üçün təşkil olunan işçi naharda əsas gündəm məsələsi regional əməkdaşlıq və iqtisadi tərəfdaşlığın inkişafı olacaq və Şolz bütün liderlərlə tək-tək görüşəcək. Bu görüşlərdə iqtisadi və enerji siyasəti sahələrində əməkdaşlıq, ikitərəfli münasibətlərin müzakirə ediləcəyi vurğulanıb.

Hökumət sözçüsü Steffen Hebestreyt, Baş nazir Şolz və beş qonaq liderin birgə görüşündən sonra "formatın ölçüsü" səbəbiylə mətbuat konfransı keçirilməyəcəyini, ancaq Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev və Olaf Şolzun görüşəcəklərini söyləyib.

DW-nin xəbərləri qısaca belədir: "Asiyanın iki böyük dövləti olan Rusiya ilə Çin arasında yerləşən beş ölkə vaxtaşırı Qərbin Rusiyaya qarşı sanksiyalarının qırılmasında rol oynamaqda ittiham olunurdu. Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt bu məsələnin gündəmə gəlib-gəlməyəcəyi ilə bağlı suala dəqiq cavab verməyib. Amma qeyd edib ki, "Yaxın keçmişə nəzər saldıqda, Baş nazirin bu mövzuya intensiv şəkildə diqqət yetirdiyini və hər zaman kortəbii şəkildə gündəmə gətirdiyini söyləmək olar".

Agentlik qeyd edib ki, liderləri Berlinə dəvət edilən beş ölkə demokratiya, insan haqları və mətbuat azadlığı kimi məsələlərdəki çatışmazlıqlarına görə Qərbdə tez-tez tənqid olunur.

Almaniyaya dəvət olunan beş ölkənin liderləri ötən həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etdikləri Nyu-Yorkda ABŞ prezidenti Co Baydenlə görüşüblər.

Şərqi Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzindən Beate Eşment “Qazaxıstanın neft və digər xammalları var” deyib və əlavə edib ki, bu ölkə Almaniyanın Şvedt şəhərindəki neft emalı zavodu üçün potensial təchizatçı kimi görünür, lakin Qazaxıstan neftini Almaniyaya nəql etmək çətindir. O bildirir ki, hazırda bunu ancaq Rusiya boru kəmərləri ilə etmək olar. Digər tərəfdən, Eşment Qazaxıstanın bu günlərdə neftini Azərbaycanın paytaxtı Bakıya daşımaq və oradakı boru kəməri ilə Türkiyə üzərindən Avropaya çatmaq üçün böyük tankerlər aldığı məlumatını da paylaşır.

Qərblə Mərkəzi Asiya ölkələri arasında münasibətlər yeni dövrə qədəm qoyub, xüsusən də son vaxtlar Rusiyaya alternativ axtarışlar başlayıb. Məsələn, Almaniyanın Qazaxıstana ixracı 2023-cü ilin ilk 7 ayında 63,3 faiz artaraq, Estoniya və Latviya kimi bəzi Aİ ölkələrinə ixracı həcm baxımından üstələyib. Lakin Qırğızıstana ixracın 368,5 faiz artması da şübhə ilə qarşılanır. Siyasi müşahidəçilər deyirlər ki, Qırğızıstan üzərindən Rusiyaya mal göndərməklə sanksiyalardan yayınmaq olar.

Berlində keçiriləcək görüşdə siyasi məsələlərlə yanaşı iqtisadi gündəm də müzakirə olunacaq. Almaniya kansleri Şolz bir çox əvvəlki açıqlamalarında bildirmişdi ki, Rusiya və Çinin təsir dairəsində qalmamaq üçün inkişaf etməkdə olan ölkələrlə münasibətlər dəyişən geosiyasi vəziyyətə uyğun olaraq gücləndirilməlidir. Bir çox Qərb ölkələrində olduğu kimi Almaniyada da Moskvanın Orta Asiya ölkələrini öz arxası kimi gördüyünü düşünənlər çoxdur.

Bu ölkələr arasında iqtisadi cəhətdən ən güclü olan Qazaxıstan Rusiyanın özünə təsirini azaltmaq üçün ABŞ və Aİ, eləcə də Çinlə münasibətlərini yaxşılaşdırmağa çalışır. Beate Eşment Mərkəzi Asiya ölkələrinin “Qərblə əlaqələr qurmaq və diqqət çəkmək” istədiyini vurğulayır, digər tərəfdən isə bu dövlətlərin heç birinin Rusiyadan tamamilə qopmaq fikrində olmadığını, hətta coğrafi mövqeyinin belə bir vəziyyətə mane olduğunu bildirir.