Andrey Buravov: "Türkiyənin BRİCS-ə marağından məmnunuq"

09:05 13.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov Türkiyə-Rusiya münasibətləri və gündəmlə bağlı qiymətləndirmələr edib.

Hafta.az-ın yazdığına görə, Buravov Ukrayna müharibəsi ilə bağlı "Rusiyanın qanuni maraqlarını və mövcud reallıqları nəzərə alan həll yolu üzrə dialoqa və danışıqlara açıq olduqlarını" bildirib.

Prezident Vladimir Putindən sitat gətirən Buravov, "Rusiyanı etibarlı və dürüst tərəfdaş kimi görən bütün ölkələrlə yaxşı münasibətləri gücləndirməyə açıq olmuşuq və açıq olacağıq” deyib və xatırladıb ki, regionda qeyri-Qərb dünya güclərinin və aparıcı ölkələrin hökmranlığı səviyyəsi güclənib.

Bu il Rusiyanın ev sahibliyi etdiyi BRİCS toplantılarına toxunan baş konsul deyib: “Son vaxtlar üzvlərin sayının iki dəfə artması, 30-a yaxın dövlətin bu və ya digər şəkildə BRİCS-ə yaxınlaşmaq niyyətini ifadə etməsi bariz sübutdur. Türkiyənin BRİCS ilə əlaqə yaratmağa göstərdiyi marağı məmnuniyyətlə qeyd edirik. Xarici işlər naziri Hakan Fidanın iyunun 10-11-də Nijni Novqorodda keçirilən BRİCS Xarici İşlər Nazirləri toplantısında iştirakı bunun konkret təsdiqi oldu”.

Türkiyə ilə çoxşaxəli, qarşılıqlı faydalı tərəfdaşlığı davam etdirmək və dərinləşdirmək əzmində olduqlarını bildirən Baş konsul Buravov, “Türkiyə dostlarımızın kollektiv Qərbin görünməmiş təzyiqləri qarşısında Rusiya-Türkiyə münasibətlərinin bütün potensialını dünyada reallaşdırmaq məqsədi daşıyan balanslı və milli yönümlü siyasətini alqışlayırıq. Ümid edirik ki, ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq konstruktiv, qarşılıqlı faydalı əməkdaşlıq davam etdiriləcək" deyib.