Lokal antiterror tədbirləri zamanı şəhid olan hərbiçilərimizin ailələri və yaralılarımızla bağlı bütün sosial təminatlar vaxtında icra olunacaq.
Hafta.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
"Həm birdəfəlik ödəmələr, müavinət təqaüd pensiya ödəmələri eyni zamanda onların qanunvericiliklə müəyyən olunan mənzil, maşın təminatı və digər tədbirlər hər biri həyata keçiriləcək. Nazirliyin müvafiq qurumları artıq ailələrlə görüşməyə başlayıblar və müvafiq sənədlərin toplanmasına yardım edirlər", - deyə nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub. Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.