Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində Çin dili kursunun buraxılış mərasimi keçirilib.
Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycandakı Çin Xalq Respublikasının hərbi attaşesi polkovnik Sonq Jun, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Van Haoçinq, Hərbi İdarəetmə İnstitutunun rəhbər heyəti, müəllimlər və kurs iştirakçıları iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycandakı Çin Xalq Respublikasının hərbi attaşesi polkovnik Sonq Jun kursu uğurla başa vuran dinləyiciləri təbrik edərək, Azərbaycan ilə Çin arasında hərbi təhsil və dil hazırlığı sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Daha sonra Hərbi İdarəetmə İnstitutu rektorunun elm və tədris işləri üzrə müavini birinci dərəcəli kapitan Əsəd Rüstəmov çıxış edərək, Xarici Dil Mərkəzində həyata keçirilən dil hazırlığı proqramlarının əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə başa vuran məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda məzunlara sertifikatlar təqdim olunub.