İyulun 1-də Finlandiyada keçirilən “Nordic–Baltic & Caucasus Dialogue 2026” beynəlxalq dialoq platforması çərçivəsində müxtəlif ölkələrdən olan nümayəndələr Helsinki Azərbaycan Evinin qonağı olublar.
Hafta.az xəbər verir ki, Azərbaycan Evinin dəvəti ilə təşkil olunan görüşdə təşkilatın rəhbəri Ülviyyə Cabbarova çıxış edib.
O, tədbir iştirakçılarına Azərbaycan Evinin yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, Finlandiyada Azərbaycan dilinin, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Ü.Cabbarova Helsinki Azərbaycan Evinin gələcəkdə də beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirərək təhsil, mədəniyyət, gənclər siyasəti və vətəndaş cəmiyyəti sahələrində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra Azərbaycan Evinin fəaliyyəti, beynəlxalq əlaqələri və gələcək planlarını əks etdirən videoçarx nümayiş olunub.
İlk təqdimatla çıxış edən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərlinin "Azərbaycanda dayanıqlı gənclər siyasəti" mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ölkədə həyata keçirilən gənclər siyasəti, dövlət proqramları, gənclərin məşğulluğu, təhsil imkanları, gender bərabərliyi, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının icraçı direktoru Gülnarə Bağırova çıxışında təşkilatın gənclərin inkişafına yönəlmiş layihələri, beynəlxalq əməkdaşlıq proqramları və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.
Gender bərabərliyi mövzusuna toxunan natiq qeyd edib ki, Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi olmaqla bu sahədə tarixi addım atıb. O, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən sosial, mədəni və şəhərsalma layihələrinin ölkənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Bu çərçivədə Bakının vaxtilə sənaye zonası kimi tanınan "Qara şəhər" ərazisinin müasir şəhərsalma layihələri nəticəsində "Ağ şəhər" kimi yenidən qurulmasını Azərbaycanın uğurlu inkişaf nümunələrindən biri kimi qeyd edib.
Sonra “Femina ry” təşkilatının media əlaqələndiricisi Valeriia Skaldina beynəlxalq əməkdaşlıq, media savadlılığının artırılması, gənclərin ictimai fəallığının gücləndirilməsi və müxtəlif ölkələr arasında dialoqun inkişaf etdirilməsinə yönəlmiş təşəbbüslər barədə məlumat verib.
“Yhtenäiskoulun Lukion”un şagirdi və “Femina ry” təşkilatının gənc media nümayəndəsi Yevgeniya Senni Skaldina gənclərin beynəlxalq layihələrdə iştirakının, media savadlılığının artırılmasının və tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb.
Latviyanın Bioville NGO təşkilatının sədri, təhsil və dayanıqlı inkişaf üzrə mütəxəssisi Marianna Lipnicka söz alaraq, ekoloji məsuliyyət, dayanıqlı inkişaf məqsədləri və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları barədə təqdimat edib.
Görüş zamanı Finlandiya, Azərbaycan, Latviya və digər ölkələri təmsil edən iştirakçılar öz ölkələrinin təcrübələrini bölüşərək gənclər siyasəti, gender bərabərliyi, media savadlılığı, dayanıqlı inkişaf, vətəndaş cəmiyyətinin rolu və beynəlxalq əməkdaşlıq mövzularında geniş fikir mübadiləsi aparıblar. Eyni zamanda, gələcək birgə layihələrin hazırlanması, təcrübə mübadiləsinin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və müxtəlif təşkilatlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr keçirilib.
Tədbirin təşkilati işlərində Finlandiya üzrə koordinator Mona Savojifar və Azər-Türk Gənclər Təşkilatının üzvü Aylin Cabbarlı fəal iştirak edərək qonaqların qarşılanması, proqramın koordinasiyası və görüşün yüksək səviyyədə təşkil olunmasına öz töhfələrini veriblər.
Qeyd edək ki, “Nordic–Baltic & Caucasus Dialogue 2026” beynəlxalq dialoq platforması Finlandiyada “Femina ry” təşkilatı və “Nordic–Baltic & Caucasus Dialogue” platforması tərəfindən təşkil olunub. Platforma çərçivəsində Azərbaycandan olan nümayəndə heyətinin Finlandiyaya səfəri isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.