Bu günlərdə Rusiya “sülhməramlı”larının faktiki himayəsi altında bəslənən və Kremlin faktiki dəstəyi ilə 1991-ci ildən Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan “xüsusi işlər üzrə səfiri”ni Rusiya paytaxtına göndərib.
Hafta.az xəbər verir ki, bu haqda sözügedən “xüsusi işlər üzrə səfir”, separatçı xuntanın keçmiş qondarma “xarici işlər naziri” Masis Mailyan öz “Facebook” səhifəsində yazıb.
Məlumata görə, Arayikin “xüsusi elçisi” Rusiya Federasiyasına səfəri çərçivəsində Moskvada Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Vaqarşak Arutyunyan və bir qrup erməni diplomatlarla görüşüb. Görüş zamanı müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Separatçı “səfir”in Rusiyanın hər hansı rəsmi və ya qeyri-rəsmi nümayəndələri ilə görüşüb-görüşməyəcəyi barədə informasiya verilmir...
Xatırladaq ki, bu günlərdə erməni mediası Azərbaycan torpaqlarındakı separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” təyin olunmuş, Putinin milyarder “desantı” sayılan Ruben Vardanyanın da Rusiya paytaxtına yollanması haqda məlumat yayıb.