Argentinada ilkin seçimdə qalib gələn Milei: "Yəhudi olmaq istəyirəm"

14:00 22.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən həftə Argentinada keçirilən ilkin seçkiləri birinci yerdə tamamlayan radikal sağçı prezidentliyə namizəd Xavyer Milei yəhudi olmaq istədiyini deyib.

Hafta.az-ın “Times of Israel”ə istinadən yazdığına görə, Argentinada seçkilərdən əvvəl Mərkəzi Bankı bağlayacağına söz verən, ölkənin pul vahidini Amerika dollarına çevirmək istədiyini deyən Milei, iqlim dəyişikliyindən cinsi təhsilə qədər bütün mübahisəli mövzularda diqqətçəkən açıqlamalar verib. Üstəlik, onun yəhudi olmaq üçün bir ravvinlə görüşdüyü də deyilir.

Xavyer Milei “El Pais”lə müsahibəsində yəhudi dinini qəbul etməsinə ən mühüm maneələrdən birinin “Şənbə” olduğuna diqqət çəkərək deyib: “Prezident olsam, şənbə günü nə edəcəm? Cümə günündən şənbə gününə kimi ölkədən kənarda olacağam? Bəzi məsələlər var ki, bu baxımdan din mənə uyğun gəlmir. Mənə kömək edən ravvin Tövratı iqtisadi təhlil baxımından oxumağı təklif etdi”.

İqtisadiyyat sahəsində çalışan Xavyer Milei katolik olaraq yetişdirildiyi və Buenos Ayresdəki Argentina-Mərakeş yəhudi icmasının ACILBA rəhbəri ravvin Şimon Aksel Vahnişlə yəhudi problemlərini müzakirə etdiyi məlumdur.

Buenos Ayresdə yerləşən yəhudi radiosu “Jai”yə verdiyi müsahibədə Vahnişlə görüşlərindən danışan Milei, "O, çox sevdiyim və mütəmadi olaraq məsləhətləşdiyim insandır. Bu söhbətlər iki-üç saat davam edə bilər ki, bu da məni çox qane edir" deyib.

Argentina siyasətinin yüksələn ulduzu Xavyer Milei bütün anketlərdə yüzdə 15-20 səs alacağını proqnozlaşdırarkən, ötən həftə keçirilən ilkin seçkilərdə 30 faiz səs toplayaraq böyük sürpriz yaşayıb.

Mileinin hakim mərkəz-sol Peronist Partiyası və ana müxalifətdəki mühafizəkar ittifaqı keçməsi Argentina seçicilərinin ənənəvi partiyalara qarşı qəzəbinin əksi kimi qiymətləndirilir.

Ümumiyyətlə radikal sağçı, liberter və anarxo-kapitalist olaraq xarakterizə edilən Milei çıxışlarında Tövratdan sitat gətirməsi ilə tanınır.

Ən böyük iki müttəfiqinin ABŞ və İsrail olduğunu deyən argentinalı siyasətçi prezident seçiləcəyi təqdirdə ilk səfərini İsrailə edəcəyini və Argentina səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyini də bildirib.

Mileinin iki itinə yəhudi iqtisadçılar Milton Fridman və Murrey Rothbardın adını verməsi də gündəmdə idi.

Əksinə, Milei və vitse-prezidentliyə namizəd Viktoriya Villaruel 1994-cü ildə Buenos-Ayresdəki yəhudi mərkəzinin bombalandığı 18 iyulun milli matəm günü elan edilməsinə qarşı çıxan iki millət vəkili idi. Mövzu ilə bağlı tənqidlərdən sonra Milei oyunu dəyişməyə çalışsa da, parlamentin sədri bu istəyi rədd edib.

Siyasət rubrikasından digər xəbərlər