Argentinada "Kiçik Rusiya"nın yüksəlişi

10:50 31.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatının başlamasından sonra 75 mindən çox rus Buenos-Ayresin bir neçə bölgəsində “Kiçik Rusiya” kimi tanınan icmalar yaradaraq Argentinaya köçüb.

Hafta.az-ın “The Wall Street Journal”a istinadən yazdığına görə, bu icmalar xüsusilə Palermo və Belgrano kimi gənc və məşhur restoranları ilə tanınan ərazilərdə cəmləşib.

Yeni köçənlər Argentinada rusdilli gözəllik salonları, restoranlar, uşaq bağçaları və kiçik teatrlar açdılar. Bundan əlavə, bir çox İnformasiya Texnologiyası mütəxəssisi uzaqdan işləyir, xarici valyutada və ya kriptovalyutada maaş alır. Lakin Argentinanın illik 272 faiz inflyasiya və 56 faiz yoxsulluq səviyyəsi ilə mübarizə aparan bir ölkə olduğunu nəzərə alsaq, rusların bu seçimi risklidir.

Argentinada 180 gün ərzində 90 günə qədər vizasız qala bilən Rusiya vətəndaşları turist kimi gəldikdən sonra ölkəni tərk etmədən immiqrasiya statuslarını dəyişə bilərlər. Onlar müvəqqəti yaşayış icazəsini iki aydan bir yeniləməlidirlər və iki ildən sonra Argentina vətəndaşlığı üçün müraciət etmək hüququ qazanırlar. Argentinada doğulan uşaqlar avtomatik olaraq vətəndaşlıq alırlar ki, bu da valideynlərin vətəndaşlıq prosesini sürətləndirir.

Argentina pasportu sahibləri Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya və Yeni Zelandiya da daxil olmaqla 170 ölkəyə vizasız səyahət edə bilərlər. Bundan əlavə, ABŞ turist vizaları ümumiyyətlə 10 il müddətinə verilir. Bu üstünlüklər Argentinaya köçən ruslar üçün böyük cazibə mərkəzi yaradıb.

2023-cü ildə ruslar Argentinada yaşamaq icazəsi alanların sayında rekord qıraraq 3,7 min nəfərə çatıb. Milli Miqrasiya İdarəsi (DNM) məlumatlarına görə, 2022-ci il yanvarın 1-dən 2023-cü ilin iyununa qədər ölkəyə daxil olan 34,7 min rusiyalının 25,7 mini, yəni 74 faizi ölkəni tərk edib.

Keçən il “The Guardian” Argentinada ruslar arasında “doğum turizmi”nin partladığını yazmışdı. Bu xəbərdən sonra Argentina rəsmiləri uşaq dünyaya gətirən və ölkəni tərk edən rusların yaşayış icazələrini ləğv etməyə başlayıb. Argentina Rusiyaya qarşı sanksiyalar tətbiq etməsə də, BMT-də Ukraynaya qarşı hərbi əməliyyatı pisləyən ölkələr sırasındadır.