Astana şəhəri 25 illik yubileyi qeyd edir

10:05 06.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

25 il əvvəl, 10 dekabr 1997-ci il tarixində indiki Astana şəhəri olan Akmola suveren Qazaxıstanın paytaxtı elan olunub. 1998-ci ilin yayında bu il 25 illiyi qeyd olunan paytaxtın rəsmi təqdim edilməsi baş tutub. 6 iyul – Paytaxt Günü Qazaxıstanda dövlət bayramı və qeyri-iş günü sayılır.

Zaman göstərdi ki, paytaxtın köçürülməsi bütün Qazaxıstanın modernləşdirilməsi üzrə sistem islahatlarının önəmli bir hissəsi olub. Ötən illər ərzində ölkənin baş şəhəri köklü şəkildə dəyişib. Şəhərdə yaşayış binaları və sosial infrastrukturun tikintisində bunu müşahidə etmək olur.

Paytaxtın dəyişdirilməsi yeni Qazaxıstanın tarixində dönmə nöqtəsi olub. Paytaxtın dəyişdirilməsi zərurəti geosiyasi, iqtisadi, sosial və sair səbəblərin kompleksi ilə müəyyən edilib. Bundan əlavə, şəhər Avrasiya qitəsinin düz mərkəzində, yolların kəsişməsində çox uğurlu şəkildə yerləşirdi.

Təsadüfi deyil ki, Qazaxıstanın gənc paytaxtı tez bir zamanda nəinki iri regional siyasi, iqtisadi, mədəni-təhsil və tibb mərkəzinə, eyni zamanda iri beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilib.

Yeni paytaxtın yaradılması tikinti sahəsinin inkişafına güclü təkan verib, yeni iş yerləri yaradıb və həm paytaxt regionunda, həm də bütün ölkə üzrə yaşayış şəraitini yaxşılaşdırıb. Müstəqilliyi əldə edəndən sonra çətinlikləri aşmağa və dizindən durmağa başlayan ölkə üçün bu, çox böyük önəm daşıyırdı.

Yeni şəhərin salınması üçün Yesil çayının hər iki sahilində tikintisinə böyük töhfə verən, şəhərin parlaq və təkrarolunmaz simasını bəxş edən dünyanın məşhur layihə və tikinti şirkətləri dəvət olunub.

Dünya, Qazaxıstanın yeni paytaxtının tikintisi üzrə səylərini nəzərindən kənarda saxlamayıb. 1999-cu ildə, tezliklə təkcə regional deyil, həm də qlobal miqyasda böyük inzibati, mədəni, elmi və maliyyə mərkəzinə çevriləcəyinin xəbərçisi olan Astana UNESCO-nun mükafatına layiq görüldü.

“Şübhəsiz ki, paytaxtın dəyişdirilməsi ilə bağlı təşəbbüs geosiyasi nöqteyi-nəzərdən düzgün addım olub”, - deyə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 5 iyul 2023-cü il tarixində Astananın Qardaşlaşmış Şəhərlərin Forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Birinci Prezidentin bu təşəbbüsü yeni milli ideyaya çevrilib. Ona görə də, biz Nursultan Nazarbayevin töhfəsini layiqincə və ədalətli şəkildə qiymətləndirməliyik. Prezident Tokayev hesab edir ki, Ədalətli Qazaxıstanda qaranı ağdan seçmək, həqiqəti yalandan ayırmaq lazımdır, çünki bu, ölkənin gələcəyinə birbaşa təsir göstərir.

“Bundan başqa, Astana regionun ən böyük maliyyə mərkəzidir. Dünyanın 75 ölkəsindən olan 2000-dən çox şirkət fəaliyyətlərini aparmaq üçün “Astana” Beynəlxalq Maliyyə Mərkəzini seçiblər”. Bu gün ABMM ölkəmizə 8 milyard dollar həcmində investisiya cəlb edib”, - deyə Qazaxıstan Prezidenti əlavə edib. Ümumilikdə, Müstəqillik dövrü ərzində Qazaxıstana 400 milyard dollar birbaşa investisiyalar cəlb edilib, bu da Mərkəzi Asiyanın payına düşən bütün yatırımların 75 faizi deməkdir.

“Paytaxt statusu alandan bəri şəhərin iqtisadi potensialı 100 dəfədən çox artıb və hal-hazırda ölkə ÜDM-in 10 faizini təşkil edir”, - deyə Tokayev məlumat verib.

Şəhər dünyanın ən intellektual icması kimi nüfuzlu Intelligent Community Forum beynəlxalq təşkilatının Top-21-nə düşüb. Şəhərdə həmçinin Mərkəzi Asiyada ən böyük olan və təkcə Qazaxıstanın deyil, eyni zamanda bütün regionun rəqəmsal transformasiyasına mühüm töhfə verən Astana Hub İT-startaplar üzrə beynəlxalq texnopark yaradılıb.

Qazaxıstan paytaxtının 25 illik yubileyinə həsr olunmuş Astananın Qardaşlaşmış Şəhərlər Forumunun işində Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, İsrail, Türkiyə, Polşa, Hindistan, Rusiya, Qırğızıstan, Özbəkistan, Yaponiya, Cənubi Koreya kimi dünyanın 13 ölkəsindən 17 şəhərin merləri və merin müavinləri iştirak ediblər.

Bu gün qazax torpağının və Astananın dünya arenasında gözələyən rol oynadığını təsdiqləmək olar. Astana ATƏT-in zirvə görüşü, İslam Əməkdaşlığı Təşkilatının zirvə görüşü, Türk Şurasının zirvə görüşü, EXPO-2017 beynəlxalq sərgisi kimi iri təbirlərin ev sahibi olub. Qazaxıstanda Suriya məsələsinin nizama salınması üzrə Astana prosesinin görüşləri keçirilib. Mütəmadi olaraq Dünya və Ənənəvi Din Liderlərinin Qurultayları keçirilib. Nüfuzlu Astana Beynəlxalq Forumunun keçirilməsi ənənəvi hal alıb.

Astananın əhalisi son illər ərzində beş dəfə artıb və bu gün 1,4 milyon nəfər təşkil edir. 2030-cü ilədək Astana sakinlərinin sayı 2 milyona çatacağı proqnozlaşdırılır.

Bu gün Qazaxıstan haqlı olaraq Mərkəzi Asiyanın regional lideridir və inkişaf etmiş iqtisadiyyata sahib olan dünyanın 30 ölkəsi arasında öz layiqli yerini tutmağa hədəflənib.

Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin inkişafında atılan son mühüm addımlar Bakı ilə Astananın nəinki strateji müttəfiq, həmçinin Avrasiya məkanın önəmli mərkəzlərinə çevrilməkdə olduğunu əminliklə deməyə zəmin yaradır.