Aşura günü şiə müsəlmanları üçün vacib tarixi hadisədir və Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Hüseynin Kərbəla döyüşündə şəhid olduğu gün kimi qeyd edilir. Aşura, İslam təqviminə görə Məhərrəm ayının 10-cu günündə keçirilir.
Bəzi ölkələrdə isə sünni müəlmanlar bu gündə Nuhun gəmisini tərk etdiyi gün kimi könüllü oruc tutur və onu Musa Peyğəmbərin Allah tərəfindən xilas olunduğu gün kimi qeyd edirlər. Şiə müsəlmanları üçün Aşura 680-ci ildə Hüseynin hazırda İraqda yerləşən Kərbəla düzündə şəhid olduğu gündür. Bu gün Aşura ilə bağlı paytaxt küçələrində vətəndaşlara su, halva, xurma kimi qidaları ehsan paylayan adamlara addım başı rast gəlmək mümkündür.
Hafta.az ehsan paylayan vətəndaşların bir neçəsi ilə həmsöhbət oldu:
-Səhərdən burdayıq. Gəlib-keçənlərə əlimizdən gələn qədər su, çay, xurma, halva paylayırıq. Baxmayaraq ki saat 12-dir, artıq 40-a yaxın adam ehsan süfrəmizə yaxınlaşıb. Bir müsəlman olaraq hər il çalışdığım qədər ehsan paylayıram. Bu savab işimizə pandemiya heç bir maneəçilik törətmir.
Sudeyib bəy də küçədə ehsan süfrəsi açan gənclərdən biridir. Deyir artıq ehsan payalamaq onun üçün ənənə halını alıb:
-Aşura ildə bir dəfə olan hadisədir. Mən də hər il çalışıram ki, dinimiz yolunda şəhid olan İmam Hüseyn üçün ehsan paylayım.
Bəs görəsən bu gün ehsan paylamaq və yaxşılıq etmək üçün daha hansı üsullar var?
Bu sualımızın cavabını Heydər Məscidinin axundu Hacı Rüfət Qarayev verdi. O bildirdi ki, edilən yaxşı işlərin hamısı ehsan sayılır. Buraya deyiləcək yaxşı sözlər, dünyadan köçənlərin adına bişirilən yemək, yaxud da ehtiyac sahiblərinə paylanan halva, su və şirniyyatlar aid edilir:
“Əvvəlki illərdə hansısa məscidlərdə və yaxud mərasim evlərində açıq şəkildə İmam Hüseyn adına ehsan süfrələri qurulurdu. Ancaq hazırkı pandemiya vəziyyəti ilə əlaqədar bunu təşkil etmək mümkün deyil. Lakin heç kəsə qadağa yoxdur ki, ərzaq paketləri alıb ehtiyac sahiblərinə paylasıblar. İmam Hüseyn əleyhissəlam özü yoxsulların evinə gecə vaxtı ərzaq xurcunları qoyarmış. Üzünü də bağlayarmış ki, onu tanımasınlar. Xeyir adına edəcəyimiz hər nə varsa hamısı ehsan və yaxşılıq sayılır”.
Din xadiminin sözlərinə görə, Qurani Kərimdə ehsan verməyin gecə və gündüz, aşkar və gizli kimi müxtəlif üsulları var:
“Ən yaxşı olanı gizli veriləndir. Bəzən insanlara edilən yardımı çəkib göstərməyə ehtiyac var ki, bu digər şəxsləri yaxşılığa təşviq etsin. Həyat yoldaşı rəhmətə gedən xanımların ailələrinə ehsanlar xanımlar tərəfindən paylanılır. Bu baxımdan müxtəlif formalarda ehsan paylana bilər”.
Qeyd edək ki, Azərbaycanda əsrlərlə keçirilən Aşura mərasimləri bu il də pandemiya tədbirləri çərçivəsində təşkil olunub.