Avropa İslam mövzusunda maarifləndirilməlidir, çünki yalnız maarifləndirmənin köməyilə dözümsüzlüklə mübarizə apara və hörməti ön plana çəkə bilərik.
Hafta.az-ın yazdığına görə, bu barədə bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçisi İsmət Cahan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda panel iclasında çıxışında deyib.
"2022-ci ildə BMT-nin açıq səsvermə ilə qəbul edilmiş qətnaməsi qarşılıqlı anlaşma, hörmət və dözümlülüyü ön plana çəkmək məqsədi daşıyırdı. Onun əsas məqsədi xüsusən İslam barəsində, ümumilikdə isə müsəlmanlar haqqında məlumatlılığın artırılmasından ibarət idi", - səfir deyib.
İsmət Cahanın bildirdiyinə görə, islamofobiya təkcə Qərb dövlətlərində deyil, həm də Şərqdə yayılıb, məsələn Hindistanda olduğu kimi, dinin siyasiləşdirilməsi baş verir.
Səfir həmçinin Avropa ölkələrində islamofobiya nəticəsində müsəlmanların təhsil kimi həyatın əsas sferalarından kənarda qaldığını əlavə edib.
İsmət Cahan həmçinin hazırda Qərbdə müsəlman qadınların azad edilməyə ehtiyac duyduqlarına dair inancı təkzib edib.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.