“Avropa Parlamentinin bu qətnaməsi Azərbaycan üçün hər hansı bir hüquqi öhdəlik, təzyiq yaratmır. Biz sadəcə Avropa parlamentarilərin reallıqdan uzaq, ədalətsiz mövqeyinə təəssüfümüzü bildiririk”.
Bunu hafta.az-a YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli Avropa Parlamentində Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş olunan qətnamə ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa Parlamentariləri bu qərarı qəbul etməklə bölgə ilə bağlı reallıqları bilmədiklərini, məlumatsız olduqlarını göstəriblər.
“Bu qətnamə onu göstərir ki, Avropa deputatları bölgədə -Laçın Xankəndi yolunda keçirilən aksiyanın hansı coğrafiyada olduğunu və mahiyyətini bilmirlər. Eləcə də ermənilərin, erməni separatçıların Qarabağ iqtisadi rayonunda hansı separatçı fəaliyyətdə oduqlarından xəbərsizdirlər. Aksiyanın keçirilməsində söhbət təkcə ekoloji fəlakətdən, Azərbaycanın sərvətlərinin talanmasından getmir. Azərbaycan 44 günlük savaşda öz ərazi bütövlüyünü bərpa etdikdən sonra belə Ermənistan və havadarları Qarabağın guya Azərbaycan tərəfindən blokadıya alınması, işğal olunması kimi cəfəng uydurma çıxışlar edirlər. Bu onu göstərir ki, Avropa Parlamenti, Avropa Şurası kimi mötəbər qurumlar reallıqdan, obyektivlikdən kənar, bölgəyə missiya göndərmdən Ermənistanın verdiyi saxta məlumatlar əsasında qətnamə qəbul edir və guya Azərbaycana təzyiq göstərmək istəyirlər. Məlumdur ki, sıfırlanmış ATƏT-in Minsk qrupu özü üçün bir Madrid prinsipi uydurmuşdu və ona uyğun guya ermən xalqının özünün müqaddəratı üçün referendum keçirilməsini təklif edirdi. İndi nə Madrid Prinsipi var, nə Kazan prinsipi var. Azərbaycan üçün bir prinsip var, o da Azərbaycanın ərazi bütövlüyüdür. Bu prinsipi 2 il əvvəl Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə təmin edib. Ərazidə yalnız erməni silahlı qüvvələrinin tör-töküntüləri qalıb və Azərbaycan onları qısa müddət ərzində tamamilə ərazilərdən çıxarıb Xankəndi və ətrafında onlan kəndlərində öz hüquq və ədalətini bərpa edəcək”.
Ölkə başçısının yerli mediaya verdiyi son müsahibədə ermənilərə etdiyi xəbərdarlığı bir daha qeyd edib. O, buna istinad edərək bildirib ki, əgər erməni əhalisi Azərbaycan qanunları ilə yaşayacaqlarsa, qalacaqlar, istəməycəklərsə ərazini tərk edəcəklər. Bunun başqa yolu yoxdur.
“Bu gün Ermənistan hansısa vasitəçilərlə Azərbaycana təzyiq göstərmək istəsə də, bunun əhəmiyyəti yoxdur. Bu gün Azərbaycan özü regionda sülh və təhlükəsizliyin qarantı, cənubi Qafqazda söz sahibidir. Ona görə də kiminsə Azərbaycana “öyüd -nəsihət” verməsinə ehtiyac yoxdur. Bu Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmadır. Biz Avropa Parlamentini, Avropa Şurası Nazirlər Şurasının Fəaliyyətdə olan sədrinin açıqlamasına təəsüflənirik. Yaxşı olardı ki, onlar bölgəyə səfər edib vəziyyəti öz gözləri ilə görərdilər. Ermənistan üçtərəfli sazişə əsasən heç bir öhtəliyi yerinə yetirmir. Laçın -Xankəndi Azərbaycan əraziləridir və orada erməniləri təxribatı fəaliyyəti dayandırmalıdır. Əgər bu olmayacaqsa, Azərbaycan öz bu missiyanı tam şəkildə həyata keçirəcəkdir”.