Avropada həftəlik COVID-19 infeksiyasına yoluxma hallarının sayı aprel ayının ortalarında 1,7 milyon, ötən həftə isə təxminən 685 min təşkil edib ki, bu da ay ərzində 60 faiz azalma deməkdir.
Bu faktlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun direktoru Hans Klüqe Kopenhagendə keçirilən brifinqdə açıqlayıb.
“Avropada həftəlik COVID-19 infeksiyasına yoluxma hallarının sayı 1,7 milyondan demək olar ki, 685 minədək azalıb. Bu, ay ərzində 60 faiz azalma deməkdir”, - deyə Hans Klüqe bildirib. Onun sözlərinə görə, ötən həftə yoluxma hallarının sayı regionun səkkiz ölkəsində yüksək olub – 100 min nəfərə 150 yeni yoluxma.
ÜST rəsmisinin fikrincə, yaxın aylarda məhdudiyyət tədbirlərinin ləğvi Avropada yoluxma hallarının artmasına səbəb ola bilər.
“Bölgə əhalisinin yalnız 23 faizi koronavirus əleyhinə vaksinin ilk dozasını alıb, tam vaksinasiyadan keçən əhalinin sayı isə 11 faizdir. İlk dəfə Hindistanda aşkar olunan koronavirusun yeni B.1.617 mutasiyası indiyə qədər Avropanın 53 ölkəsindən azı 26-da aşkarlanıb. O, sürətlə yayılaraq Avropada dominantlıq edən Britaniya ştammını sıxışdırır”, - deyə Hans Klüqe qeyd edib.