Avstraliya hökuməti gənclər arasında istifadəsi sürətlə artan elektron siqaretləri qadağan etmək qərarına gəlib.
Hafta.az-ın BBC-yə istinadən yazdığına görə, Avstraliyanın Səhiyyə naziri Mark Butler bildirib ki, elektron siqaretdən istifadə orta məktəblərdə daha çox yayılır və ibtidai məktəblərdə artan problemə çevrilir. -"Elektron siqaretlər uzun müddət siqaret çəkənlərin müalicəsinə kömək etmək üçün bütün dünyada hökumətlərə və icmalara satılıb. Onlar əyləncə məhsulu kimi xüsusilə uşaqlarımıza satılır", - Butler deyib.
Məlum olub ki, elektron siqaret çəkmək ağciyərlərə marixuanadan daha çox zərər verir.
Elektron siqaretlər tütün asılılığından xilas olmaq istəyənlər üçün alternativ olaraq təqdim edilsə də, bunun əvəzində qlobal miqyasda gənclərin və uşaqların istifadə etdiyi yeni vərdişə çevrilib.
Avstraliyalı nazir, yeni tənzimləmə ilə elektron siqaretləri müalicə məqsədilə istifadə etmək istəyən insanların işini asanlaşdıracaqlarını söyləyib. Yeni qaydalardan əvvəl Avstraliyada elektron siqaretləri qanuni olaraq almağın yeganə yolu həkim resepti ilə idi, lakin məhsullar ölkənin bir çox yerində satılmağa davam edirdi.
Səhiyyə naziri Butler bildirib ki, yeni tənzimləmə ilə reseptsiz elektron siqaretlərin idxalı da qadağan olunacaq və elektron siqaret məhsulları dərmana bənzər paketlərdə satılacaq. Elektron siqaretlərin rəngli paketlərdə satıldığını qeyd edən Butler, "Daha saqqız ləzzəti qalmayacaq. Çəhrayı təkbuynuzlu atlar da olmayacaq. Uşaqların qələm qutusunda saxlaya bilməsi üçün qələm şəklində istehsal edilən elektron siqaretlər artıq olmayacaq" deyib.
Araşdırmalar göstərir ki, Avstraliyada 14-17 yaş arası hər 6 nəfərdən 1-i və 18-24 yaşlı hər 4 gəncdən 1-i elektron siqaretdən istifadə edir.
"Bu nisbət mənim yaş qrupumdakı hər 70 nəfərdən 1-ə düşür" deyib 52 yaşlı Butler.
Mövzu ilə bağlı açıqlama verən Xərçəng Şurası, yeni tənzimləmənin e-siqaret epidemiyasını tərsinə çevirə biləcəyini və Avstraliyanın yeni nəsilləri üçün tarixin təkrarlanmasının qarşısını ala biləcəyini ifadə edib.
Avstraliya dünyanın ən sərt siqaret əleyhinə qanunlarından birinə sahib olsa da, bəzi siyasətçilər, sənaye nümayəndələri və səhiyyə işçiləri qadağanın yumşaldılmalı olduğunu söyləyirlər.