Avstriyada bir katolik keşişinin metamfetamin laboratoriyasının olduğu üzə çıxıb.
Hafta.az-ın yazdığına görə, Katolik Kilsəsindəki hadisələri izləyən Katolik Xəbər Agentliyi (CNA) bildirib ki, kimliyi açıqlanmayan 38 yaşlı keşiş iyulda Aşağı Avstriya əyalətində narkotik maddə istehsal edib satdığı səbəbilə tutulub.
Bildirilib ki, keşişin evinə basqın zamanı polis metamfetamin istehsalında istifadə olunan kimyəvi maddələr və laboratoriya avadanlıqları aşkar edib.
Hadisə zamanı paytaxt Vyanada yaşayan 30 yaşlı İraq əsilli şəxsin də ələ keçirildiyi deyilir. Həmin şəxsin narkotik vasitə satışında rolu olduğu iddia edilib.
2021-ci ildən Aşağı Avstriyanın paytaxtı Sankt Pölen yeparxiyasında çalışan keşişin əslən polyak olduğu da paylaşılıb.
Varşava Baş Yeparxiyasından verilən açıqlamada Avstriyadakı katolik dini qurumları ilə danışıqların davam etdiyi və lazımi addımların atılacağı bildirilib.
CNA-nın məlumatına görə, İraq əsilli avstriyalı və keşiş barəsində qabaqlayıcı həbs qərarı çıxarılıb. Keşiş polisin dindirilməsi zamanı cinayətini etiraf edib və kilsə tərəfindən Avstriyada işləməsinə qadağa qoyulub.
CNA və “New York Post” hadisənin məşhur “Breaking Bad” serialını xatırlatdığına diqqət çəkir. 2008-ci ildə çəkilmiş Amerika serialında Bryan Cranston tərəfindən canlandırılan kimya müəllimi Uolter Uit, ağciyər xərçəngi olduğunu öyrəndikdən sonra ailəsinə pul buraxmaq üçün metamfetamin istehsal etməyə başlamışdı.