2024-2026-cı illərdə azad edilmiş ərazilərə 34500 ailənin köçürülməsi planlaşdırılır.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
A.Quliyev qeyd edib ki, azad edilmiş ərazilərdə müasir texnologiyalardan istifadə edilir.
Onun sözlərinə görə, komitə tərəfindən birinci addım olaraq azad edilmiş ərazilərin ümumi planının hazırlanması təmin edilib. Plan Qarabağ və Şərqi Zəngəzurun işğal altında olmuş ərazilərinin ümumi ərazisini əhatə edir. Xankəndi şəhərinin, Xocavənd, Füzuli və digər yerlərin də ümumi planı hazırlanıb.
O qeyd edib ki, məskunlaşmada nizamlanmanın bərpası və əhalinin geri qayıdışının təmini üçün vacib amillər ümumi planda nəzərə alınıb.
“Ümumi plan ərazidəki şəhər və digər ərazilərin Baş və müfəssəl planları üçün istinad sənədidir. Rayon mərkəzlərinin – Şuşa, Ağdam, Qubadlı, Kəlbəcər və digər ərazilərinin də 2020-ci ildən Baş planlarının hazırlanmasına başlanıb. Həmçinin baş planların işlənməsi zamanı mədəni obyektlərin bərpası də diqqətdə saxlanılıb, mövcud abidələr nəzərə alınıb”, - deyə o qeyd edib.