Azad Rəhimov xatirələrdə yaşayacaq... - Anım

12:36 04.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, tanınmış ictimai-siyasi xadim, gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov ömrünün 57-ci baharında ABŞ-da müalicə aldığı xəstəxanada dünyasını dəyişdi.

Bu acı xəbər onu yaxından tanıyanları, idman ictimaiyyətini, dostlarını dərindən kədərləndirdi. İndi Azad Rəhimov onu yaxından tanıyanların, dostlarının, həmkarlarının xatirələrində yaşayır.

Azad Rəhimovla bağlı xatirələrini hafta.az-la bölüşən Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib ki, mərhum nazirin yoxluğuna hələ də inana bilmir:

“Azad müəllimlə xatirələrim o qədərdir ki... Elə insanı da incidən xatirələrdir. Azad müəllimlə 14 ildən çox onun rəhbərliyi altında bir yerdə işləmişəm. Bəlkə də kiməsə yad, kiməsə qeyri-səmimi görünə bilər. Doğrudan da bizim münasibətimiz rəhbər işçi münasibəti deyildi. Azad müəllimi mənəvi atam hesab edirdim. Valideynlərim onu ailəmizin üzvü bilirdi. Onun şəkli həm öz evimdədir, həm də valideynlərimin evindədir. O, böyük bir dağ idi, insanların çoxu ona söykənmişdi. Hamıya can yandırırdı. Tanıyan, bilən hamı onu sevirdi. Sinif yoldaşları günü bu günə kimi onunla dost idilər. Onların məktəb dostluğu ayrı idi, institut dostluğu ayrı idi. Dostlarına can yandıran, onlara bağlı olan insan idi. İşçilərlə münasibəti də bir başqa idi. O anı xatırlamıram ki, hansısa işçi Azad müəllimə salam versin, Azad müəllim onun salamanı almasın. Kimliyindən asılı olmayaraq, hamıya gülümsəyərək salam verirdi. Eyni zamanda, çox gözəl ailə başçısı idi. Həqiqətən özümü xoşbəxt hiss edirəm ki, elə bir insanla 14 il bərabər çalışmışam.

Onun vəfat xəbərini alanda həyatımda ilk dəfə, sanki nəfəsimin bir anlıq dayandığını hiss elədim

Mən Azad müəllimdən çox şey öyrənmişəm. O, böyük məktəb idi. İstər insanlara, istər işə olan münasibəti tamamilə başqa idi. İnsanlara münasibətdə nə qədər yumşaq, kövrək idisə, iş barəsində sərt idi. Bilərəkdən edilən səhvi bağışlamırdı. Bilmədən edilən səhvə görə heç vaxt səni sərt tənqid etməzdi. Bilmədən edilən səhvin məsuliyyətini də öz üzərinə götürərdi. Deyərdi ki, gərək mən sənə onu ətraflı izah edərdim ki, sən də səhv etməzdin. O, çox unikal şəkildə işçisinə müstəvi açmağı bacarırdı. İşçisinə güvənirdi. Tutaq ki, sənə bir layihə verəndə, həm də sənə güvən verirdi. Yəni mən sənə inanıram, get bu layihəni işlə. Onun aləmində işini sevməli idin, işə mütləq məsuliyyətli yanaşmalı idin. Həmişə deyirdi ki, işi sevə-sevə, ürəkdən gör. Onun gözəl bir xüsusiyyəti də o idi ki, əgər sən işi ürəkdən, sevə-sevə görürdünsə, onu hamının yanında deyirdi”.

Səmayə Məmmədova, həmçinin Azad Rəhimovun Vətəninə, millətinə bağlı bir insan olduğunu da vurğulayıb: “Məsələn, gənclər Azərbaycan Himnini oxuyanda o, həmişə ağlayırdı. Haşiyədən kənara çıxıb bir məqamı qeyd etmək istəyirəm. Londonda Olimpiya Oyunlarında bərabər oturub yarışı izləyirdik. Birdən qayıdıb məndən soruşdu ki, “Daha çox hansı ölkəni sevirsən?”. Mən də dedim ki, “Azad müəllim, İtaliyanı, Mərakeşi çox sevirəm”. Mən də eyni sualı ona verdim. Qayıtdı ki, “Səmayə, mən dünyanı nə qədər gəzsəm də, Azərbaycanda tapdığım rahatlığı, dincliyi heç yerdə tapa bilmirəm”.

 O, Vətənini bax, belə sevirdi, çox bağlı idi Azərbaycana. Əslində, Azad müəllimlə bağlı çox danışmaq olar. . Onun vəfat xəbərini alanda həyatımda ilk dəfə, sanki nəfəsimin bir anlıq dayandığını hiss elədim Təbii ki, hər birimizin həyatında doğmaları, yaxınları var. Amma doğrudan da düz deyirlər ki, doğmalıq qandan gəlmir, doğmalıq münasibətdən, ünsiyyətdən gəlir. Doğmalıq ürəkdən-urəyə gəlir və onu da bizə Azad müəllim yaşatdı”.

O, tək idman naziri deyil, həm də bizimlə dost, sirdaş, böyük ürəyə malik insan idi.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli də gənclər və idman naziri Azad Rəhimovla bağlı xatirələrini hafta.az-la bölüşüb. Həmsöhbətimiz deyib ki, Azad Rəhimov təkcə idman naziri deyil, həm də idmançıların dostu idi:

“Azad müəllim 2006-cı ildə cənab Prezidentimizin sərəncamı ilə gənclər və idman naziri təyin olunmuşdu. O, tək idman naziri deyil, həm də bizimlə dost, sirdaş, böyük ürəyə malik insan idi. Azad Rəhimov böyük ziyalı ailəsində dünyaya gəlmişdi. Onun bütün davranışları, hərəkəti necə dəyərli bir nəslin nümayəndəsi olduğunu bir daha təsdiqləyirdi. Hər zaman idmançılara dəstək olurdu, daim yanımızda idi. Hər kəslə yaxından maraqlanırdı. Gözəl ailə başçısı idi. Ən əsası, vətənpərvər, Vətənini sevən bir insan idi. Təəssüf ki, belə bir nazirimizi itirdik”.

O, daha bildirir ki, mərhum nazir 2008-ci il Pekin Olimpiadası zamanı idmançılara çox böyük dəstək verib: "Yarışdan öncə idmançıları otağına dəvət edərək, hər birimizə uğurlar arzuladı. Həmin vaxt çox böyük motivasiya aldım. İlk sözü o oldu ki, yeni idman naziri təyin olunmuşam, ümidim sizlərədir, məharətinizi göstərin. Hər görüşümdən sonra tatamiyə, paltardəyişmə otağına yaxınlaşırdı. Görürdüm ki, çox həyəcanlıdır. İlk dəfə belə insan görürdüm. Azərbaycan vətəndaşı, ölkəsini sevən bir insan kimi çox stress keçirirdi. Yəni, öz işinə həqiqətən can yandırırdı. Hər görüşdən sonra medala yaxınlaşdıqca həyəcan artırdı. Mənə dedi ki, Olimpiya çempionu olduğun, Azərbaycan Bayrağını qaldırdığın üçün çox sağ ol. Həmin Olimpiada nazir təyin olunduqdan sonra onun ilk böyük yarışı idi. Cüdo yarışlarında, idman tədbirlərində məni yüksək səviyyədə təqdim edir, mənimlə fəxr etdiyini söyləyirdi. Deyirdi ki, bu yaşımadək belə yarışma, mübarizə görməmişəm. Bir daha ona Allahdan rəhmət diləyirəm, Allah günahlarını bağışlasın".

Qeyd edək ki, Azad Rəhimovun vəfatını nazir həmkarları da dərin kədər hissi ilə qarşılayıblar. Təhsil naziri Emin Əmrullayev özünün feysbukdakı səhifəsində gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsini dərin kədər hissi ilə qarşıladıqlarını yazıb: "Azad Rəhimov ölkəmizdə gənclər və idman siyasətinin inkişafında böyük xidmətləri olan nikbin, xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq. Ailəsinə və yaxınlarına səbir diləyirik”.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdəki paylaşımında Azad Rəhimovun vəfatı xəbərindən dərindən kədərləndiyini dilə gətirib: "Azad müəllim sadəliyi, işgüzarlığı ilə seçilən, gülərüz, həyat eşqi ilə dolu insan idi. Vətəninə sadiq, dövlətini sevən, xalqına bağlı ictimai xadim, hamıya qayğı ilə yanaşan səmimi dost idi, Azad müəllim. Həmkarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ailəsinə və yaxınlarına səbir diləyirəm, bu itki hər birimizi dərindən ağrıtdı. Allah rəhmət eləsin".

Xatırladaq ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. Təhsilini 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbinin birinci sinfində başlayıb. 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Azad Rəhimov iş təcrübəsinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1987–1989-cu illərdə Azərbaycan LKGI Xətai rayon komitəsində şöbə müdiri, 1989–1990-cı illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib.

1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində çalışıb.

O, Azərbaycan Prezidentinin 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.

Azad Rəhimov Azərbaycan Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

 

Oxunma sayı 1910