Azərbaycan diasporlarına təzyiqlər və kadr yerdəyişmələri - RƏY

13:50 04.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Hazırda Rusiya-Azərbaycan münasibətlərində gərginlik var. Kreml diaspora rəhbərlərinin belə bir vaxtda Rusiyanın mövqeyinin müdafiəsini tələb edəcək. Kremli Azərbaycan diasporalarının iki ölkə arasında əlaqələrin inkişafına töhfə verməsi, həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərməsi maraqlandırmır”.

Bunu hafta.az-a siyasi şərhçi Elxan Şahinoğlu Rusiyada Azərbaycan diasporlarına təzyiqlər və baş verən kadr yerdəyişmələri ilə bağlı açıqlamasında bildirib.

Ekspert Kremlin Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan diasporuna rəhbərlik edən şəxsləri dəyişməsinin səbəblərinə diqqət çəkib:

“Birincisi, yeni diaspor rəhbərləri ana vətənlərinə bağlı olmamalı, Kremlin təlimatları əsasında fəaliyyət göstərməlidirlər. Kremlin əsas məqsədi Rusiya hakimiyyətinə loyallıq və diaspora rəhbərlərinə verilən tapşırıqların yerinə yetirilməsini təmin etməkdir. Kreml bu tələbləri yerinə yetirməyəcək diaspora rəhbərlərini başqaları ilə əvəz edəcək. Bu yolla soydaşlarımızı ana vətəndən qoparmağa və Rusiyada soydaşlarımız arasında Azərbaycanın siyasətinin tənqidçilərini artırmağa çalışacaq. Kremlin ikinci məqsədi soydaşlarımızın ana vətəndəki ailələrinə pul köçürmələrinə nəzarəti gücləndirmək olacaq”.

E.Şahinoğlu Kremlin hələ ki, Azərbaycanla münasibətləri normallaşdırmaq fikrinin olmadığını, əksinə, media ruporları vasitəsilə hədələyici açıqlamalarının sayını artırmaqla məşğul olduğunu deyib:

“Rusiyanın dövlət televiziya kanalının aparıcısı Solovyovun Azərbaycana qarşı artan təxribatçı açıqlamaları bunun sübutudur. Kreml rus filosof və politoloq Aleksandr Duqini də “hərəkətə” gətirib. Onun sözlərinə görə, Rusiyada yaşayan miqrantlar, o cümlədən soydaşlarımız Rusiya cəmiyyəti üçün “ən çox toksik” qruplar hesab edilə bilər. Onun fikrincə, Rusiyada qalmaq üçün yeganə yol assimilyasiya və ölkənin mədəni kodunu qəbul etməkdir. Nədir bu mədəni “kod?” Duqin Kremlin mirqantlardan loyallıq və Rusiyanın müdafiəsində iştirak tələbinə birinə də əlavə edib: “Pravoslavlığı qəbul edin”. Görəsən Duqinin tələbi Rusiyada yaşayan 20 milyon müsəlmana da aiddirmi? Rusiyanın heç bir rəsmisi Duqinin təxribatçı açıqlamasını tənqid etmirsə, bunun xalqlar arasında nifaqa səbəb olacağını söyləmirsə, deməli elə Kremldə oturanlar da belə düşünürlər”.