Hindistanın ölkəmizdəki Səfirliyi Hindistan Geyim İxracının Təşviqi üzrə Şurası (AEPC) ilə birlikdə Hazır Geyim sənayesi üzrə hibrid rejimdə vebinar təşkil edib.
Hafta.az-ın yazdığına görə, Hindistanın müstəqilliyinin 75-ci illiyi münasibətilə təşkil olunan tədbirlərin bir hissəsi olan bu vebinarda Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi, Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, eləcə də aparıcı pərakəndə geyim şirkətlərinin nümayəndələri iştirak edib. Geyim İxracının Təşviqi Şurası Hindistanın geyim ixracatçılarının rəsmi qurumu olub, Hindistan ixracatçılarına, eyni zamanda geyim idxalı üçün Hindistanı seçən idxalçılara və beynəlxalq alıcılara lazımi köməklik göstərir. Tədbirin məqsədi Hindistanın geyim sənayesi barədə iştirakçılara ətraflı məlumat vermək idi.

Tədbirdə çıxış edən Geyim İxracının Təşviqi Şurasının sədri Dr. A.Sakthivel Hindistanın geyim sənayesinin gücünü qeyd edərək bu sahədə mövcud olan dövlət proqramına da toxundu. Geyim İxracının Təşviqi Şurası, həmçinin öz virtual platforması barədə video təqdimat edib.
Çıxış edən Hindistanın səfiri B.Vanlalvavna Hindistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığı şaxələndirmək üçün böyük imkanların mövcud olduğunu vurğulayıb. O qeyd edib ki, Hindistanın hazır geyimləri dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da, istər yerli sahibkarların satışı, istərsə də dünya franşizaları vasitəsilə artıq çox yaxşı tanınır və Hindistanın bu sektorda Azərbaycandakı bazar payının artırılması üçün böyük potensial olduğunu vurğulayıb.
Tədbir zamanı, vebinar iştirakçıları Hindistanlı həmkarları ilə faydalı müzakirələr aparıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycanın statistik məlumatlarına əsasən, Hindistanla Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi bu ilin yanvar-avqust ayları üzrə ötən illə müqayisədə 17,6 faiz artaraq, 588,9 milyon dollara yüksəlib. Hindistan bu dövrdə Azərbaycanın 7-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycandan Hindistana ixrac 489,5 milyon dollar təşkil edərək, 18,7 faiz artıb. Hindistanın Azərbaycanın ümumi ixracındakı payı bu dövrdə 3,8 faizdir. Yəni Azərbaycanın ixrac 6-ci əsas ixrac bazarı. 2021-ci ilin yanvar-avqust ayları üzrə Azərbaycanın Hindistandan idxalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artararaq, 99,4 milyon dolları təşkil edib.