Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Prezident kimi ömrünün 18 ilini Azərbaycan xalqına xidmətlə keçirən, dövlətin müstəqilliyini qorumağı, möhkəmləndirməyi, onu inkişaf etdirməyi özünün əsas vəzifəsi hesab edən, yürütdüyü siyasətin başlıca prioriteti insan amili olan dövlət başçısının 60 yaşı tamam olur.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkədə həyata keçirilən fundamental islahatlar bütün sahələrin, o cümlədən milli iqtisadiyyatın dayanıqlı inkişafını, sürətlə müasirləşməsini və əhalinin maddi rifahının davamlı şəkildə yaxşılaşmasını reallaşdırıb. Daxili və xarici siyasət sahəsində qazanılan uğurlara, həmçinin neft strategiyasının reallaşdırılması, ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsi sayəsində möhtəşəm nəticələrə görə ölkə Prezidenti xalqın əvəzsiz liderinə çevrilib. 2003-cü ilin oktyabrından onun birbaşa rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz dünyada gedən riskli proseslərdən özünü qoruya, dinamik inkişafını təmin edə bilib. Azərbaycanda formalaşan və artıq beynəlxalq güclər tərəfindən də qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü isə ondadır ki, Xalq-Prezident birliyi olduqca möhkəmdir, xalq hər zaman onu bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü dövlətə çevrilib və Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müstəqil siyasət aparır, maraqlarını təmin edə bilir.
Valyuta ehtiyatlarımız 53 milyard dolları ötüb
2003-cü ildən bu günə qədər, yəni son 18 ildə ölkəmizdə aparılan uğurlu siyasət hesabına bütövlükdə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu nəticə dünyada rekord göstərici sayılır. 18 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatlarımız 27 dəfədən çox artıb. Habelə 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ötüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir. Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Hökumət 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik, təqribən, 6 faiz səviyyəsindədir və bu illər ərzində 2 milyon yeni iş yeri yaradılıb. Bu da onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər düşünülmüş şəkildə və ədalətli bölünür.
Bugünədək həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi də yaradılıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.
Əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artırılıb
Dövlət başçısı hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində sosial-iqtisadi göstəricilərin yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında əksini tapmasının vacibliyini önə çəkmişdi. Eyni zamanda, vurğulamışdı ki, pensiya və əməkhaqqı ildə ən azı iki dəfə artırılmalıdır. Prezident İlham Əliyevin bu vədi də reallıqda əksini tapıb. Belə ki, təkcə son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında indiyədək həyata keçirilən Strateji yol xəritələri özünün əsas məqsədlərinə çatıb. Belə ki, Azərbaycan iqtisadiyyatı 2015-2016-ci illərdəki xarici şokların mənfi təsirindən çıxaraq qısamüddətli dönəmdə sabitləşdi, ortamüddətli dönəmdə isə inkişaf xətti bərpa edilib. Məhz bunun nəticəsində 2020-ci ildə aşağı neft qiymətləri, quraqlıq, pandemiya və Vətən Müharibəsinin təsirlərinə baxmayaraq Azərbaycan iqtisadiyyatının qazandığı immunitet böhranın təsirlərini minimuma endirməyə imkan verib. Strateji yol xəritələrinin uğurlu icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub. Belə ki, bu il ölkədə ÜDM-in real artımı 5,1 faiz, o cümlədən qeyri-neft ÜDM-in artımı 6,0 faiz, gələn il isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından bu il 260 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür.
Hal-hazırda 2022-2026-cı illər üzrə ölkənin sosial-iqtisadi inkişaf strategiyası və tədbirlər Planı Hökumət tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Yeni strateji sənədin və tədbirlər planının təsdiqi ilə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icra müddəti 2022-ci il 1 yanvar tarixindən bitmiş hesab olunur.
Qeyd edək ki, Strateji yol xəritələrinin icrası nəticəsində vətəndaşların mənzil əlçatanlığı, maddi rifah və sosial sahədə aşağıdakı islahatlar həyata keçirilib:
- minimum əməkhaqqının məbləği 105 manatdan 300 manata və orta aylıq əməkhaqqı 494 manatdan 723 manata (2021-ci ilin 10 ayı üzrə) çatdırılıb;
- büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqqı məbləği orta hesabla 2 dəfə artırılıb;
- əmək pensiyasının minimum məbləği 110 manatdan 240 manata, təyin olunmuş aylıq pensiyaların orta məbləği 192 manatdan 331 manata (2021-ci ilin 11 ayı üzrə) çatdırılıb;
- əlilliyə görə ödənilən aylıq müavinətin məbləği 2 dəfədən çox artırılıb;
- yaşa görə aylıq müavinətin məbləği 66 manatdan 180 manata çatdırılıb;
- sağlamlıq imkanları məhdud uşaqlara ödənilən aylıq müavinətin məbləği 74 manatdan 200 manatadək qaldırılıb;
- ailə başçısını itirməyə görə müavinət 61 manatdan 100 manatadək artıb;
- beşdən çox uşağı olan qadınlara müavinət - hər uşaq üçün 30 manatdan 70 manata çatdırılıb;
- müddətli hərbi xidmət qulluqçularının uşaqlarına müavinət 61 manatdan 120 manata çatdırılıb;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 55 manatdan 120 manata çatdırılıb;
- Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə verilən Prezident təqaüdü - 165 manatdan 210 manata çatdırılıb;
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1300 manatdan 1450 manata çatdırılıb;
- “Xalq” fəxri adına görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 100 manatdan 180 manatadək, “Əməkdar” fəxri adına görə fərdi təqaüd 60 manatdan 120 manatadək artırılıb.
- əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 01.01.2021-ci ildə təsis edilib:
- elmlər doktoru elmi dərəcəsinə görə 200 manatdan 300 manatadək;
- fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manatdan 200 manatadək artırılıb.
Əhalinin hər nəfərinə düşən gəlirlər 4 710 manatdan 5 707 manata çatıb.
2022-ci dövlət büdcəsi də sosialyönümlü olacaq
2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlərin müzakirəsi aydın göstərir ki, gələn ilin əsas maliyyə sənədi də əvvəlki illərdə olduğu kimi, sosialyönümlü olacaq. Başqa sözlə, dövlət büdcəsinin sosialyönümlüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq saxlanılacaq. Büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi üçün 2022-ci il yanvarın 1-dən əməkhaqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin, həmçinin digər sosial ödənişlərin artırılmasının qarşıya mühüm vəzifələr kimi qoyulması bunun bariz ifadəsidir. Bu, eyni zamanda, gələn ilin dövlət büdcəsinin də ənənəvi olaraq sosialyönümlü xarakter daşıdığını göstərir. Belə ki, büdcədə sosial xərclər 46,4 faizə çatdırılır və 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırılır. Bu xərclərin maliyyə tutumunu 13 milyard 851 milyon manata çatdırmaq nəzərdə tutulur. Həmin xərclərin 60 faizi əməyin ödənilməsi ilə bağlıdır. Yeri gəlmişkən, 2022-ci ildə əməyin ödənilməsinə 8 milyard 97 milyon manat məbləğində vəsait təklif olunur. Sosial təminat xərcləri üçün dövlət büdcəsində 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Ümumiyyətlə isə 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 milyard manatdan, xərcləri 29 milyard manatdan çoxdur. Gələn ilin dövlət büdcəsi müstəqillik tariximizin ən irihəcmli büdcəsi kimi dəyərləndirilir. Təbii ki, yeni ilin dövlət büdcəsində sosialyönümlü istiqamətlər üzrə xərclərin daha da artırılması heç də təsadüfi deyil. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Yeri gəlmişkən, ölkə Prezidentinin imzaladığı son fərman və sərəncamlar çərçivəsində yeni ildən tətbiq ediləcək islahatlar üçün dövlət büdcəsindən illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Prezident İlham Əliyevin 2021-ci il 17 dekabr tarixdə imzaladığı Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçinin işçini əhatə edəcək. Prezidentin 2021-ci il dekabrın 20-də imzaladığı yeni sərəncam və fərmanlarla müavinət və təqaüdlərin artırılması isə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb.
Yeni strateji hədəflərə doğru
Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının doğru formada icrasıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Dövlət başçısının vurğuladığı kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur.
Bu gün tarixinin ən qüdrətli illərini yaşayan Azərbaycan postmüharibə dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olmaqdadır. Bugünün reallıqları onu göstərir ki, hökumətin hazırladığı 2022-2030-cu illəri əhatə edən yüksəliş strategiyası sayəsində Azərbaycan daha böyük uğurlara imza atacaq. Sözügedən yol xəritəsində iqtisadi artımın daha dayanıqlı olması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının əhəmiyyətli dərəcədə gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi məsələləri gerçəkləşdirmək qarşıya yeni vəzifələr kimi qoyulub. Prezident İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən çoxşaxəli islahatlar, kompleks tədbirlər sayəsində əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan 2022-ci ildə də inkişaf dinamikasını qoruyub saxlayacaq və növbəti illərdə iqtisadi artımın müsbət meyilləri daha da yüksələcək.