Azərbaycanda qiymət artımını şərtləndirən əsas amil idxaldan aslılığın yüksək olmasıdır.
Bu fikirləri hafta.az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyib.
Onun sözlərinə görə, bu ölkəmizdə kifayət qədər imkan var ki, biz daxili tələbatı ödəyəcək qədər ərzaq buğdası, süd məhsulları, ət və ət məhsulları, bitki yağları, hətta şəkər tozu istehsal edək:
“Bununla bağlı heç bir problem yoxdur. Məsələn, bizə daxili tələbatı ödəmək üçün təxminən 3 milyon ton şəkər çuğunduru lazımdır və onu da istehsal etmək mümkündür. Ümumiyyətlə, Azərbaycanın torpaq-iqlim şəraiti İtaliya, İspaniya və Türkiyə ilə müqayisə olunur.
Bu gün dünyada ən çox kənd təsərrüfatı məhsulu istehsal edən ölkələrdən biri İspaniya, İtaliya və Türkiyədır. Belə bir ölkələrlə müqayisə olunan Azərbaycan niyə dünya bazarından asılı vəziyyətə düşsün ki?
Məsələn, Ermənistan dünya bazarlarından asılı qala bilər. Çünki Ermənistan ərazisi daha çox dağlıq rayonlarından ibarətdir, məhsuldarlığı artırmaq üçün şərait yoxdur. Ərəb ölkələrini götürək. Onlarda da belə bir şərait yoxdur. Belə ölkələrin sayı çoxdur.
Amma Azərbaycanın kifayət qədər imkanlarının olmasına baxmayaraq yerli istehsal demək olar ki, yox dərəcəsindədir. Məsələn, Azərbaycan adambaşına kartof, süd, ət,yumurta istehsalında MDB ölkələri arasında geridə qalıb. Hətta tərəvəz istehsalında da geridədir və 3-cü yerdə dayanır.
Yəni, 10 ölkə arasında heç bir məhsulun istehsalında 1-ci yerdə deyil və özünü təmin edə bilmir. Bu o deməkdir ki dünyada müşahidə olunan ərzaq böhranı və bunun nəticəsində yaranan qiymət artımından daha çox təsirlənən ölkələr arasında Azərbaycan da olacaq”.