Bu, Azərbaycan nümayəndələri ilə Qarabağdakı erməni sakinləri arasında ilk təmas deyil.
Bu fikirləri hafta.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, bundan bir müddət əvvəl də belə bir görüş olub. Ancaq bu görüş ilk rəsmi təmas olması baxımından fərqlənir.
"Uzun müddət idi ki, həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı vasitəçi dövlətlər tərəfindən Azərbaycanın Qarabağdakı erməni sakinləri ilə birbaşa danışıqlar aparması məsələsi gündəmə gətirilirdi. Elə Azərbaycan özü də hər hansı üçüncü tərəf olmadan belə bu görüşləri mümkün hesab edirdi. Çünki söhbət hər hansı bir ölkədən ixrac olunan şəxslərlə görüşdən deyil, Azərbaycanın öz vətəndaşları ilə görüşdən gedir.
Təbii ki, bu kimi təmaslar Azərbaycanın maraqlarına cavab verir. Çünki artıq Qarabağdakı erməni icmasının adından Ermənistan deyil, birbaşa erməni əsilli Azərbaycan vətəndaşları çıxış edirlər. Azərbaycan vətəndaşları ilə də oturub söhbət etməkdə Azərbaycan hakimiyyəti və dövlətinin hər hansı bir problemi yoxdur".
R.Bayramov hesab edir ki, indidən ermənilərin reinteqrasiya prosesinin başlaması barədə söhbət açmaq tezdir. Amma ilkin təmaslar varsa, bu təmaslar Azərbaycanın diqtəsi ilə həyata keçirilirsə, onda bunu müsbət qiymətləndirmək lazımdır.
"Bu cür təmaslar növbəti perspektivdə artıq Ermənistan və özünü Qarabağda “qurum” elan edən terrorçu rejim olmadan oradakı əhali ilə daha tez dil tapmağa öz müsbət təsirini göstərə bilər.
Digər tərəfdən Ermənistanda revanşist siyasətçilərin, elə Qarabağdakı Vardanyanın yeni müharibə çağırışları fonunda Qarabağ ermənilərinin Azərbaycan təmsilçiləri ilə görüşə başlaması özü artıq müsbət məqamdır. Və ən nəhayət bu proses Ermənistanı faktiki olaraq ən azı Qarabağdakı prosesdən kənara atır və eləcə də rəsmi İrəvanın Cənubi Qafqaza yeni oyunçular daxil etməsi prosesinə də zərbə vurur".