Son aylar Avropada müşahidə edilən enerji böhranı qazın qiymətində kəskin artımlara səbəb olub. Proqnozlara görə, dünyada təbii qaza olan tələbatın artmasından və təklifin azalmasından dolayı “mavi yanacağın” qiyməti min kubmetr üçün 3 min ABŞ dolları həddinə çata bilər. Bunu qlobal neft bazarı üzrə mütəxəssis, Avropanın aparıcı biznes məktəbi “ESCP Eupore”in professoru Mamdux Hasan Salama deyib.
Onun sözlərinə görə, vəziyyətin qeyri-sabit olması səbəbilə qiymətlərin maksimal həddini müəyyən etmək çox çətindir: “Xüsusən Asiya-Sakit okean regionunda təbii qaza və sıxılmış təbii qaza (CNG) yüksək dərəcədə tələbin olması, həmçinin bütün dünya üzrə təklif çatışmazlığı həmin yanacaqların qiymətini yeni rekord həddlərə istiqamətləndirir. Vəziyyətin qeyri-sabit olması səbəbilə qiymətlərin maksimal həddini müəyyən etmək çox çətindir. Bu səbəbdən də təbii qazın qiymətləri min kubmetr üçün hətta 3 min ABŞ dollarına çata bilər. Qışın sərt keçəcəyi təqdirdə CNG-nin qiymətləri isə hətta 3,6 min ABŞ dollarına kimi arta bilər”.
Qeyd edək ki, vəziyyətin qeyri-sabitliyi birjalarda özünü kəskin qiymət fərqləri ilə göstərir. Məsələn, bu gün ticarət gedişatında Avropada təbii qazın fyuçers qiyməti 24 faiz ucuzlaşaraq min kubmetr üçün 981,1 ABŞ dolları olub. Dünən isə təbii qazın qiyməti tarixi maksimumu yeniləyərək min kubmetr üçün 1 937 ABŞ dollarına çatmışdı.
Sözsüz ki, Avropada qazın kəskin şəkildə bahalaşması bu bazara yeni çıxan Azərbaycan üçün də sərfəlidir. Hazırda Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağın” kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir. 2021-ci ildə Avropaya 5-5,5 milyard kubmetr Azərbaycan qazının ixrac edilməsi planlaşdırılıb.
Statistik məlumatlara görə, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycandan gömrükdə bəyan edilmiş qazın ixrac həcmi 13 milyard 241 milyon 763,48 min kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 47,2 faiz çoxdur. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 18,17 faizi (2020-ci ilin yanvar-avqust ayında 17,24 faizi) qaz ixracının payına düşüb. Hesabat dövründə Azərbaycandan bəyan edilmiş qazın ixrac dəyəri $2 milyard 350 milyon 391,96 min (artım 38 faiz) təşkil edib.
2021-ci ilin yanvar-avqust aylarında Türkiyəyə $1 milyard 89 milyon 818,18 min dəyərində 7 milyard 309 milyon 619,31 min kubmetr, Gürcüstana $268 milyon 509,14 min dəyərində 2 milyard 157 milyon 509,14 min kubmetr qaz ixrac edilib. Qeyd olunan dövrdə İtaliyaya $836 milyon 241,79 min dəyərində 3 milyard 46 milyon 941,26 min kubmetr, Yunanıstana $127 milyon 571,4 min dəyərində 424 milyon 205,61 min kubmetr, Bolqarıstana $22 milyon 464,97 min dəyərində 150 milyon 749,16 min kubmetr qaz ixrac edilib. Beləliklə, 8 ay ərzində Avropaya $986 milyon 278,16 min dəyərində 3 milyard 621 milyon 896.03 min kubmetr həcmində qaz ixrac edilib. Bundan əlavə, Azərbaycan İrana $5 milyon 786,28 min dəyərində 152 milyon 446,53 min kubmetr qaz ixrac edib.
Rəqəmlərdən göründüyü kimi, hazırda Avropa bazarlarında təbii qazın qiyməti fantastik dərəcədə artsa da, Azərbaycan qazının orta ixrac qiyməti indiki səviyyə ilə müqayisədə xeyli aşağıdır. Bəs, görəsən, bunun səbəbi nədir? Azərbaycan qaz ixrac etdiyi ölkələrlə bağladığı müqavilələrə yenidən baxa bilərmi?
Məsələni hafta.az-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, Azərbaycan qazının qiyməti birjalarda formalaşmır: “Azərbaycan qazının qiyməti əvvəlcədən razılaşdırılmış fyuçers müqavilələr əsasında həyata keçirilir və burada qiymətlər də müəyyənləşdirilir.
Bu baxımdan dünya bazarlarında qazın qiymətinin günlük dəyişməsinin Azərbaycanın ixrac etdiyi qazdan əldə olunan gəlirlərə birbaşa təsiri yoxdur. Təbii ki, bəzi müqavilələrin vaxtı başa çatır. Məsələn, may ayında Türkiyə ilə müqavilənin vaxtı başa çatmışdı və bu kimi situasiyalarda yeni formalaşmış konyuktur əsasında yeni razılaşmalar əldə olunur. Tutaq ki, əgər müqavilə yenilənməlidirsə, bu zaman dünya bazarlarında qazın 1000 kubmetri 250 dollar deyil, 800-1000 dollardırsa, belə məqamlar nəzərə alınır. Amma qısamüddətli qiymət dəyişmələrindən birbaşa olaraq Azərbaycanın qazdan əldə etdiyi gəlirlərə hər hansı bir təsirlər formalaşmır”.
Mövzu ilə bağlı hafta.az-la fikirləri bölüşən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban da bildirib ki, Azərbaycan təbii qaz ixrac etdiyi dövlətlərin əksəriyyəti ilə uzunmüddətli müqavilələr bağlayıb və ixrac da həmin müqavilələr əsasında həyata keçirilir:
“Artan qiymətlər Avropada gündəlik alqı-satqısı həyata keçirilən qaza aiddir. Azərbaycanın ixrac etdiyi qaz ikitərəli razılaşma əsasında uzunmüddətli dövr üçün satılan qazdır. Bizim ixrac etdiyimiz qazın qiyməti qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilir. Bununla belə rübdə bir dəfə qazın qiymətinə müəyyən dəyişiklik edilməsi mümkündür. Azərbaycanın qaz ixrac etdiyi ölkənin bazarında maye qaz və ya hərracda satılan qazın istehlakı həyata keçirilirsə, qaz qiymətlərinin dəyişməsi zamanı ölkəmizin satdığı qazın qiymətinə xüsusi formula əsasında baxılır. Bahalaşma olduğu təqdirdə, rüblük nəticələrə görə sonrakı rüb üçün qiymətlər artırılır”.