Azərbaycan-Rusiya münasibətlərinin "fundamenti" zədələnib - ŞƏRH

15:24 04.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiya Prezidenti Pekində olarkən “Azərbaycanla münasibətlərdə problem var" deyə etiraf edib. Bildirib ki, Fundamental əlaqələr və onu inkişaf etdirmək istəyi hər şeyi yerinə qoyacaq. Daha sonra “Prezident İlham Əliyev və həyat yoldaşı ilə görüşdük, iki-üç kəlmə danışdıq" deyib. Bu, iki ölkənin münasibətlərində yeni mərhələnin açılması baxımından dərin və uzaq nəticələr çıxarmağa əsas vermir”.

Bunu hafta.az-a siyasi şərhçi Aydın Quliyev Şanxay Əməkdaşlıq Təşkilatının zirvəsinə qatılan Rusiya Prezidentinin Azərbaycanla bağlı dediyi fikirlərin sərin münasibətlərə verə biləcəyi töhfələrə diqqət çəkərkən söyləyib.

Ekspert qeyd edib ki, Putin problemin mahiyyəti barədə Azərbaycan Prezidenti kimi nisbətən izahlı və təfsilatlı danışsaydı, münasibətlərin düzəlməsi ilə bağlı nəyəsə ümid etmək olardı:

“Görünür Putin problemin kökünü təsbit etmədən problemi həll etməyi düşünür. Amma heç bir politoloji və konfliktologi nəzəriyyədə bu üsul uğurlu sayılmır. "Hər şeyi yerinə qoyacaq" sözləri isə sanki problemin öz-özünə ortadan qalxacağı təəssüratını yaradır”.

A.Quliyev vurğulayıb ki, problemin aradan qalxmasını istəyən tərəf ilk növbədə bu yöndə real addımlar atmalıdır:

“Rusiya ilə münasibətlərdə 9 aydan çoxdur ki, problem yaranıb. Bu müddət ərzində problemin əsas mənbəyi olaraq Putin bütün Azərbaycanı qane edən addımlar atıb izahlar verməli, İlham Əliyevlə iki-üç kəlmə yox, fundamental müzakirə üçün lazımı hərəkətləri etməli idi. Azərbaycan-Rusiya münasibətlərinin məhz "fundamenti” zədələnib. Onu zədələyən Rusiyadır. Bu zədəni aradan qaldırmaq lazımdır”.