Ölkə başçısının bu yaxınlarda yerli mediaya verdiyi müsahibə daxili və xarici siyasətin aspektləri ilə bağlı olduqca maraqlı idi. Burada 2023-cü ilin Ermənistan üçün də sonuncu şans ili olduğu bəyan olundu”.
Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Prezidentin yerli mediaya verdiyi müsahibədə Qarabağda həllini gözləyən bir çox məsələlərlə bağlı verdiyi mesajları şərh edərkən bildirib.
Ekspert Prezidentin müsahibədə qeyd etdiyi “Biz ikinci müharibə istəmirik, əksinə tezliklə regionda davamlı sülhün bərpa olunmasına çalışırıq. Ancaq Ermənistan bizim bu xoş niyyətimizə baxmayaraq hələ də özünün qeyri-konstruktiv, ziddiyyətli mövqeyini davam etdirir” fikirlərini önə çəkməklə, bunun nəticəsində sülh prosesində əhəmiyyətli irəliləyişin əldə edilmədiyini bir daha vurğulayıb.
M.Məmmədli Ermənistanın kapitulyasiyaya imza atmasından keçən iki il ərzində aparılan danışıqlara baxmayaraq sülh müqaviləsindən yayındığını, əksinə bu gün də müharibə ritorikası ilə çıxışlarının bir sona varacağını mütləq hesab edib.
O, prezidentin də çıxışlarına istinad edərək bildirib ki, Azərbaycan ötən ilin sonlarına qədər sülh müqaviləsinin imzalanması ilə bağlı çox çalışdı.
“Hətta ötən ilin oktyabr ayında bu istiqamətdə Praqada görüş keçirilərək orada sülh müqaviləsinin çərçivə prinsipləri də qəbul olundu. Daha sonra Soçidə Rusiyanın vasitəçiliyi ilə görüş keçirildi və burada da ümumi prinsiplərin bir hissəsi razılaşdırıldı. Ancaq bütün bunlara baxmayaraq Ermənistan hökuməti öz ziddiyyətli mövqeyini davam etdirir və üzərinə götürdüyü öhdəlikləri, imzaladığı razılaşmaları həyata keçirməkdən imtina edir. Bu günə qədər 10 noyabr sazişinin bir sıra bəndləri Ermənistan tərəfindən həyata keçirilməyib. Eyni zamanda hələ də Qarabağda qeyri-qanuni hərbi birləşmələr öz mövcudluğunu davam etdirir və bu məsələ də Ermənistan tərəfindən həll olunmayıb. Bütün bunlar təbii ki, sülh prosesinə mane olur və bütövlükdə danışıqlar prosesini tormuzlayır. Ancaq bütün bunlara baxmayaraq ölkə başçısı qeyd etdi ki, artıq biz çox səbr göstərə bilmərik. 2023-cü ili Ermənistan özü üçün son şans ili kimi qəbul etməlidir”.
M.Məmmədli məhz bu kontekstdən çıxış edərək, bildirib ki, bu il nəhayət danışıqlar vasitəsi ilə qarşıda duran problemləri həll edib, sülh müqaviləsini imzalamalıyıq. Eyni zamanda da Ermənistan üzərinə götürdüyü öhdəlikləri həyata keçirməlidir.
“Yəni 2023-cü il prezidentin qeyd etdiyi kimi danışıqlar prosesində Ermənistan üçün son il hesab olunur. Bu il ərzində danışıqlar prosesində nəticə əldə olunmayacaqsa, vəziyyətin yenidən kəskinləşəcəyi şübhə doğurmur. Və biz uzun 10 illiklər boyu oturub Ermənistanla danışmaq niyyətimiz yoxdur. Biz qısa müddət ərzində nəticələr gözləyirik. Azərbaycan 30-ilə yaxın müddətdə işğala məruz qalıb, ərazilərimiz əhəmiyyətli hissəsi işğal olunub. 1 milyon vətəndaşımız fundamental insan hüquqlarından məhrum edilib, öz evindən köçkün düşüb. İşğal olunmuş ərazilərdə maddi-mənəvi irsimiz dağıdılıb, məhv edilib. Ermənistan Azərbaycana qarşı mümkün olan olmayan pisliklərini edib. Amma bütün bunlara baxmayaraq biz öz sülh əlimizi uzadırıq, acaq Ermənistan hökuməti hələ də bizim mövqeyimizdən nəticə çıxara bilmir. Ona görə də biz 2023-cü ili Ermənistan üçün son şans kimi tanıyırıq. Ona görə də cənab prezident son müsahibəsində qeyd etdi ki, 2025-ci ildə rusiya sülhməramlı qüvvələri bölgəni tərk edəcək. Ondan sonra ermənilər kimin arxasında gizlənəcək. Bütün bunları Ermənistan hökuməti nəzərə almalıdır özündə siyasi iradə nümayiş edib konkret addımlar atmalıdr. Və yaxud Prezident sərhədlərin delimitasiya məsələsində də mövqeyini ifadə etdi. Bildirdi ki, bu sahədə də Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirib hər hansı ciddi irəliləyişin yaranmasına maneə olur. Belə olduğu təqdirdə Azərbaycan məcburdur ki, özü addımlar atıb öz sərhədlərini müəyyənləşdirsin”.