Azərbaycan-Türkiyə, iki dövlət - bir hədəf - TƏHLİL

20:54 14.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə səfər edərək Rizədə dənizin üzərində inşa edilən, dünyada sadəcə 4 analoqu olan Rizə-Artvin hava limanının istifadəyə verilməsi mərasimində iştirak etdi.

Dövlət başçısının Türkiyəyə bu səfəri iki ölkə arasındakı münasibətlərin ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir" fikirlərinin ruhuna nə dərəcədə uyğun olduğunu bir daha ortaya qoydu.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində əldə edilən möhtəşəm Zəfərdən sonra Türkiyə və Azərbaycan arasında münasibətlər tamamilə yeni bir mərhələyə qədəm qoydu.

Prezident İlham Əliyev də Rizə-Artvin hava limanının açılış mərasimindəki çıxışında bu məqama xüsusi diqqət yetirdi. 2-ci Qarabağ savaşının ilk günündən son dəqiqəsinə qədər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana siyasi, mənəvi dəstək verdiyini bütün dünyaya bəyan etdiyini xatırlatdı. İşğaldan sonra azad edilmiş ərazilərin bərpası işində onlarla türk şirkətlərinin yaxından iştirak etdiyini bildirdi. 

Xatırlatmaq yerinə düşər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qısa zaman ərzində azad edilən Füzuli rayonu ərazisində inşa edilən beynəlxalq hava limanının açılışına qatılmış, daha sonra isə Azərbaycan-Türkiyə starteji müttəfiqliyini bir üst səviyyəyə qaldıran Şuşa bəyannaməsininin imzalanması mərasimində iştirak etmişdi.

Son illərin iqtisadi, siyasi inkişaf templərinə baxdıqda istər Azərbaycanın, istərsə də Türkiyənin çox böyük nailiyyətlər əldə etdiyini söyləyə bilərik. Bu uğurların təməlində isə iki lider - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan amili dayanır.

Məhz Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində beynəlxalq səviyyədə dövlətimizin artan nüfuzu, hələ işğal dövrlərində ərazi bütövlüyümüzü dəstəkləyən çoxsaylı beynəlxalq qətnamələrin qəbulu, müasir ordu quruculuğu, liberal iqtisadi siyasət, daxili ictimai-siyasi sabitlik və demoratik inkişaf 2020-ci ilin noyabrında 30 illik işğala son qoyulması, son 200 ildə itirilən torpaqların qaytarılması kimi möhtəşəm Qələbənin əsasını təşkil etdi.

Türkiyədə isə hələ illər öncə elan edilmiş "2023" hədəfi Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə uğurla reallaşdırılır. Artıq qardaş ölkə yaxın illərdə dünyanın ən inkişaf etmiş on ölkəsi arasında yer alacağını bəyan edir, ölkənin xarici maliyyə qurumlarından asılılığının azaldılması, müasir milli müdafiə sənayesinin formalaşdırılması, regional oyunçudan qlobal siyasi nüfuz mərkəzinə çevrilməsi hədəflərinə doğru addım-addım inamla irəliləyir.

Təbii ki, hər iki ölkənin qeyd etdiyimiz və etmədiyimiz uğurlarının əldə olunmasında yüksək qarşılıqlı əməkdaşlığın mühüm töhfələri var. 

Son illərdə iki ölkənin birgə əməkdaşlığıın əhatə etmədiyi, nüfuz etmədiyi elə bir sahə demək olar ki, yoxdur. Siyasi, iqtisadi, hərbi, təhsil, mədəni, humanitar sahələrdə son il yarım müddətində çox geniş proqramlar reallaşdırılır. Ən yüksək səviyyədə qarşılıqlı səfərlər gerçəkləşdirilir.

İki uzaqgörən liderin birgə fəaliyyəti nəticəsində hər iki ölkənin potensial imkanları artıq eyni hədəfə vurur.  Bu sarsılmaz birliyin qarşısında bölgəmizdə tamamilə yeni reallıqlar formalaşıb. Bu reallıqları isə hər kəs qəbul edir. Bölgə siyasətlərini məhz Azərbaycan-Türkiyə tandeminin maraqlarına uyğun qururlar.

İki ölkə münasibətləri ilə bağlı yaşadığımız bu tarixi anlar qarşıdakı dövrlərdə müntəzəm hal alacağını, hələ bir çox belə açılışların şahidi olacağımızı söyləməyə əsas verir.

Oxunma sayı 227