Bu gün Bakıda Türkmənistanın müstəqilliyinin 34-cü ildönümü və daimi bitərəfliyinin 30 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub.
Hafta.az-ın yazdığına görə, dövlət və hökumət rəsmiləri, diplomatic korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmməd Elyasov bildirib ki, 1991-ci ildə müstəqilliyini qazanan Türkmənistan dünyanın bütün dövlətləri ilə hərtərəfli əlaqələr qurub. Diplomat əlavə edib ki, 1995-ci ildə BMT Baş Assambleyasında Türkmənistanın daimi bitərəfliyini əks etdirən statusu qəbul edilib və bu status dekabrın 3-də dünya tərəfindən tanınıb.
Bu il ölkəsinin daimi bitərəfliyinin 30 illiyinin olunduğunu xatırladan diplomat Türkmənistan-Azərbaycan əlaqələrinə də toxunub. Bildirib ki, iki ölkə rəhbərlərinin səyləri nəticəsində Türkmənistanla Azərbaycan arasında mehriban dostluq və qonşuluq münasibətləri daha da inkişaf edib, ikitərəfli strateji tərəfdaşlıq daha da dərinləşib.

Ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərdən danışan diplomat bu münasibətlərin daha da dərinləşməsində prezident İlham Əliyevin Türkmənistana və president Sərdar Berdiməhəmmədovun Azərbaycana olan uğurlu səfərlərinin böyük xidmətləri olduğunu vurğulayıb.
“Dövlətlərarası ticarət dövriyyəsi iki dəfə artıb, geosiyası stabitsizlik şəraitində bizim nəqliyyat və logistika Şərqlə Qərb arasında əlaqə zəncirinə çevrilməkdədir”,- diplomat bildirib.

Müstəqilliyini qazandıqdan sonra ölkəsinin inkişaf tarixindən söz açan səfir Mərkəzi Asiya və Avropanın kəsişməsində yerləşən Türkmənistanın bütün sahələrdə uğurları ilə regionda və dünyada nüfuzunu artırdığını bildirib.
Ölkələr arasındakı dostluq münasibətlərini və strateji tərəfdaşlığa diqqət çəkən Elyasov deyib: “Azərbaycan və Türkmənistan regionda əsas nəqliyyat qovşaqlarındandır. Ölkələrimiz təkcə siyasi və beynəlxalq müstəvidə deyil, bütün sahələrdə faydalı əməkdaşlıq edirlər”.

Səfir deyib ki, Türkmənbaşı-Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımaları son illər təxminən üç dəfə artıb. Diplomat qeyd edib ki, bütövlükdə iki ölkə arasında xarici ticarət dövriyyəsi iki dəfədən çox artıb və bu, strateji tərəfdaşlığın sabit inkişafını nümayiş etdirir.
Azərbaycanla Türkmənistan arasında iqtisadi əlaqələrdən də söz açan səfir bildirib ki, son illər bu sahədə də xeyli irəliləyiş qeydə alınıb.

“Xəzər dənizi xüsusilə vacibdir, çünki o, geosiyasi qeyri-sabitlik şəraitində Şərqlə Qərb arasında həyati əlaqəyə çevrilərək fəal inkişaf edən nəqliyyat və logistika marşrutları üçün mərkəzdir”, - o vurğulayıb.
Mədəniyyət əlaqələrinin də inkişaf etdiyini vurğulayan səfir bildirib ki, oktyabrın 13-də Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri başlayacaq və təkcə paytaxt Bakıda deyil, həm də Gəncədə keçiriləcək. Gələn ilin yazında isə Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır.

Səfir Türkmənistan-Azərbaycan dostluğu, qardaşlığının bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
İqtisadiyyat naziri, Azərbaycan-Türkmənistan birgə Hökumətlərarası Komissiyanın hənsədri Mikayıl Cabbarov Türkmənistanın uğurlarına sevindiyini bildirib: “Türkmənistanın dayanıqlı və dinamik inkişaf yolu ilə irəliləyərək böyük nəaliyyətlər əldə etməsi bizi sevindirir. Ortaq tarix, mədəniyyət, etnik köklərimiz, dilimiz və dinimiz bizi birləşdirir. Azərbaycanla Türkmənistan arasında qardaşlıq əlaqələri, birgə layihə və təşəbbüsləri uğurla həyata keçirərək inamlı irəliləməyə imkan verir”.

Nazir Cabbarov Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü çərçivəsində Türkmənistan tərəfindən Fizulidə tikiləcək məscidin təməlinin qoyulmasının iki dövlətin qardaşlığının rəmzi olduğunu bildirib. “Bu, Türkmənistanın liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyin nümunəsidir”, - Cabbarov deyib.

İqtisadi, nəqliyyat, energetika, parlamentlər arası, humanitar, mədəni, təhsil və digər sahələrdə tərəfdaşlığın uğurla inkişaf etdiyini qeyd edən nazir Azərbaycanın Türkmənistanın perspektivli yataqların işlənməsi layihələrində iştirakda maraqlı olduğunu bildirib.
Nazir vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq hər il tranzit həcmləri artan Orta Dəhlizinin səmərəliliyinin artırılmasında da mühüm rol oynayır.

“Türkmənistanda müasir nəqliyyat infrastrukturu yaradılıb, bu dəhlizdə yerləşən Azərbaycan isə dəniz limanının, dəmir yollarının və logistika mərkəzlərinin inkişafına böyük sərmayə qoyub. Səylərimizi birləşdirmək bütün regiona böyük fayda verəcək”, - M.Cabbarov qeyd edib.
M.Cabbaraov Azərbaycanla Ermənistan arasında sülhün yeni nəqliyyat dəhlizinin reallaşmasına imkan verməklə ölkələrimizin nəqliyyat daşımalarını və tranzit potensialını daha da artıracağıni və bütün regionun inkişafına töhfə verəcəyini vurğulayıb.
Çıxışlardan sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.
Xalq artisti Gülyaz Məmmədovanın ifasında səslənən oynaq Azərbaycan və Türkmən mahnıları tədbir iştirakçılarını coşdurub.