Azərbaycanda varlıların siyahısı niyə açıqlanmır - SƏBƏB

16:52 07.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Pandemiya olmasına baxmayaraq geridə qoyduğumuz il dünyanın ən zəngin insanları sərvətlərinə sərvət qatıblar. 2021-ci ildə planetimizin ən varlı 10 milyarderləri sərvətlərinə ümumilikdə 402 milyard dollar əlavə edib. Tesla və SpaceX-in baş direktoru İlon Mask isə ötən il var-dövlətini 121 milyard dollar artıraraq ən varlı olub.

Biz bilirik ki, hər il dünyada müxtəlif qurumlar ən varlı insanların siyahısını və onların sərvətini hesablayaraq ictimaiyyətə təqdim edirlər. Bəs görəsən, ölkəmizdə belə statistikalar niyə hazırlanmır? Ən varlı iş adamlarının sərvətləri nə cür hesablanır?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, bu gün Azərbaycanda kimin nə qədər varlı olmasını ancaq təxmin etmək olar. Çünki sahibkarların mülkləri və var-dövləti sirr kimi saxlanır:

“Dünyada zəngin insanların sərvətləri davamlı olaraq araşdırılır və müxtəlif vaxtlarda dərc olunur. Bu əsasən kapital bazarları inkişaf etmiş ölkələrdə daha aktualdır.

Misal üçün, İlon Musk "Tesla" şirkətinin səhmdarıdır, onun səhmlərinin sayı və bazar dəyəri bəllidir. Dünyanın bir sıra ölkələrində varlı insanların əmlakları və alqı-satqısı barədə ictimaiyyətə tez-tez məlumat verildiyinə görə onların qiymətləndirilməsi həyata keçirilir. Bu bir qədər vaxt və bilik tələb edən məsələdir.

Lakin bu işlə məşğul olmaq da bir biznesdir. Bizdə ona görə mümkün deyil ki, kapitalın ilkin toplanması prosesi gedir və bu proses qeyri-qanuni yollarla aparılır. 16-17-ci əsrlərdə İngiltərədə ilkin kapital yığımı zamanı mahud istehsalçıları kasıbları, kəndliləri  öz evlərindən çıxarırdılar ki, qoyunlar onların torpaqlarında otlasın. Sözüm ondadır ki, kapital yığımı həmişə qanunsuzluqla müşayiət olunub.

Azərbaycanda da bu proses gedir. Pul qazana bilən əsas sahibkarlar dövlətin marjasına çıxış imkanları olanlardır. Onlar da bunu qeyri-qanuni yollarla əldə etdiklərinə görə rəsmiləşdirilmir. İkinci məsələ isə, ölkəmizdə kapital bazarının olmaması ilə bağlıdır. Çox az sayda səhmdar cəmiyyətlər var. Birjamız işləmir ki, şirkətlər və onların səhminin real dəyəri bilinsin. Bu baxımdan Azərbaycanda kimin nə qədər varlı olmasını ancaq təxmin etmək olar”.