Azərbaycanı hədəf alan kimlərdir?

13:25 13.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Favzan Musa Xan adlı Əfqanıstan vətəndaşı Bakıda odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq maddələri ilə məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.

Fakt belə bir sualı ortaya çıxarır: Azərbaycan indiki vaxtda hansi dovlətlərin terror hədəfindədir və səbəbləri nədir?

Bu istiqamətdə hafta.az-a açıqlama verən deputat Naqif Mirzəyev hesab edir ki, DTX-nin keçirdiyi bu əməliyyatla böyük bir fəlakətin qarşısı alınıb. Onun sözlərinə görə, xüsusilə Bakıda başqa bir ölkə səfirliyinə və ya konsulluğuna qarşı törədiləcək bu terror əməliyyatı nəticə etibarilə çox böyük fəlakətlərə səbəb ola bilər, Azərbaycanın digər dövlətlər arasındakı münasibətlərinə kölgə salmış olardı.

Deputat qeyd edib ki, terror aktının qarşısının alınması faktı Azərbaycan dövlətinin gücünü göstərmklə yanaşı, bir daha sübut edir ki, Azərbaycan dövlət təhlükəsizlik orqanları ölkəni təhdidlərdən qoruyur, ayıq-sayıqdır.

“Azərbaycan 44 günlük müharibədə zəfər çaldıqdan sonra ən böyük təhdid olan erməni işğalçılarını ərazilərdən çixartdı. Lakin sirr deyil ki, hələ də ərazilərimizdə qanunsuz erməni silahlı dəstələri qalır. Həmçinin, erməni quldur dəstələri hər keçən gün prosesin onların əleyhinə işlədiyini anlayırlar. Bu baxımdan, müxtəlif yollara əl atıb təxribatlar törədirlər. Sülhə yaxınlaşmanın hiss olunduğu vaxtda bu cür təxribatların şahidi oluruq”.

  N.Mirzəyev eyni zamanda bildirir ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etməyən güclər var və bu mənada belə terror hadisələrinə cəhddə müxtəlif tərəflərin istəyi və əli ola bilər. Azərbaycan maraqların kəsişdiyi elə bir coğrafi ərazidə yerləşir ki, bu III, IV “əllər”in kimə aid olduğunu söyləmək çətindir.

“Azərbaycanı hazırkı mövqeyindən daşınmağa, müəyyən güzəştlərə getməyə təhrik etməyə çalışan güclər var.  Bizə bəlli olmayan III, IV tərəflər  Azərbaycan ərazisində terrorun törədilməsində aktiv çıxış edə bilərlər.

Bu baxımdan, düşünürəm, bacardığımız qədər diqqətli olmalı,  dövlətimizə inanmalı, proseslərin uğurla inkişaf edib tamamlanması üçün bəzi məsələlərdə dözümlülük göstərməliyik. Bu cür hadisələrin qarşısının alınmasında hər kəs özünün töhfəsini verməlidir.

İstənilən halda Azərbaycanın bütün bu proseslərdə uğurla, xoş sonluqla çıxa bilməsi üçün öz təhlükəsizlik tədbirlərini gücləndirməlidir. İlk növbədə, Ermənistanla olan münasibətlərdə normallaşmanın əldə olunmasına nail olmalıyıq. Bütün bunlarla yanaşı, qonşularımız İran, Rusiya, Gürcüstanla münasibətlərimizi həmişə yüksək səviyyədə saxlamalıyıq. Çalışmalıyıq, stabilliyin qorunmasına töhfə verə biləcək bütün faktorlardan istifadə edək, regionda dayanıqlı, uzunmüddətli sülhə nail olaq. Belə bir halda dayanıqlı iqtisadi inkişafı təmin edə bilərik”.

Deputat bildirir ki, istənilən halda Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün təxirəsalınmaz işlər həyata keçirir. Azərbaycana böyük turuzm axınının olduğunu qeyd edən deputat bildirir ki, turistlərin yoxlanılması, onların daim nəzarətdə saxlanılması, xoşagəlməz hadisələrin qarşısının alnması xüsusi təhlükəszilik orqanlarının vəzifələrindən biri olsa da, Azərbaycan vətəndaşları da ayıq-sayıq olmalıdır: “Biz şübhəli şəxslər gördükdə güc orqanlarını xəbərdar etməli, bacardığımız qədər bu cür xoşagəlməz hadisələrin, terror hadisələrinin qarşısının alınmasında DTX ilə əməkdaşlıq etməyə çalışmalıyıq. Bu gün birlik, vəhdət nümayiş etdirməyimiz vacibdir”.