Azərbaycanın xaricdəki ticarət evləri – yeni bazarlara çıxış imkanı

17:12 14.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, yerli məhsulların ixracının dəstəklənməsi, ixrac həcminin və coğrafiyasının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin daha çox tanıdılması və ixracının təşviqi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılır. Artıq Belarus, Ukrayna, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Latviya, Çin, Qazaxıstanda Azərbaycanın ticarət evləri fəaliyyət göstərir. Ötən ay isə Qətərdə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən sayca 13-cü ticarət evi açılıb.

Maraqlıdır, xaricdə açılan ticarət evləri həm təbliğat, həm də ixrac imkanlarımızın genişləndirilməsi baxımından nə dərəcədə effektlidir? Ümumiyyətlə, ticarət evləri iqtisadi cəhətdən Azərbaycana nə verir?

Mövzu ilə bağlı hafta.az-a fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, xaricdə Azərbaycan ticarət evlərinin açılması “Made in Azerbaijan” brendinin tanıdılması, ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin edilməsi baxımından əhəmiyyətli addımdır: “Artıq bir çox ölkələrdə, eyni zamanda, MDB məkanında belə ticarət evləri var. Ticarət evlərinin açılması prakitiki olaraq Azərbaycan məhsullarının daha geniş coğrafiyaya ixrac edilməsi və sözügedən ölkələrlə xarici ticarət əlaqələrinin genişləndirilməsinə xidmət edir. Bu, ondan xəbər verir ki, Azərbaycan xüsusən də qeyri-neft məhsullarının fərqli məkanlara ixrac edilməsində maraqlıdır. Sözsüz ki, bu kontekstdən bizim üçün yeni bazarlar əhəmiyyətlidir. Çünki Azərbaycan ənənəvi bazarlarla yanaşı, yeni bazarlara çıxış imkanları əldə etməyə çalışır. Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi göstərişlər var. Ticarət evlərinin yaradılması da Azərbaycanın qeyri-neft məhsullarının yeni bazarlara ixrac edilməsi məqsədi daşıyır. Ticarət evləri vasitəsilə sahibkarlarımız həmin ölkələrdə həm fərqli sektorlardakı vəziyyəti, eləcə də bazarlarda marketinq araşdırmaları aparılmasını təmin edirlər. Bundan əlavə, ticarət evləri həmin ölkələrdə Azərbaycan məhsullarının tanıdılması, birgə layihələrin həyata keçirilməsi və sərmayə qoyuluşlarının reallaşdırılmasına xidmət edir. Bu baxımdan ticarət evləri hətta ölkədən kənarda - xaricdə yaradılsa da belə, məqsəd Azərbaycanın qeyri-neft sektorunda istehsal etdiyi məhsulların həmin ölkələrə ixracının təmin edilməsi, bu sektora sərmayələrin cəlb edilməsi olduğu üçün təbii ki, bu da iqtisadiyyatın diversifikasiyasına müsbət təsir göstərir”.

Oxunma sayı 2088