Bu gün Bakıda Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfirliyi tərəfindən “Avropa Günü” qeyd olunub.
Hafta.az-ın yazdığına görə, hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatic korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə küçirilən tədbirdə öncə Azərbaycanın və Aİ-nin himnləri səsləndirildi.

Çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kyundziç bildirib ki, Avropanı qorumaq onlar üçün həm də sərhədlərdən kənarda sülhü, sabitliyi və beynəlxalq hüququ dəstəkləmək deməkdir. “Məhz buna görə də Avropa İttifaqı təhlükəsizliyi baxımından Cənubi Qafqazda sabitliyi və onun çiçəklənməsini vacib hesab edir. Hər iki tərəfin gələcəyi bir-birinə bağlıdır. Buna görə də Avropa İttifaqı ən böyük donor kimi, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesini, o cümlədən nəqliyyat infrastrukturunun inkişafı və minaların təmizlənməsi təşəbbüsləri ilə dəstəkləməyə davam edəcək. İranın Azərbaycana son hücumundan sonra Avropa İttifaqı Azərbaycanın yanında olduğunu birmənalı şəkildə bildirdi. Naxçıvana qarşı qəbuledilməz hücumdan qısa müddət sonra Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıya səfər edərək Azərbaycan və onun xalqı ilə tam həmrəylik nümayiş etdirdi. Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəmiz Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas hücumdan dərhal sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında həmrəy olduqlarına dair eyni qətiyyətli mesajı çatdırdı”,- Kuyudziç bildirib.
Xanım səfir həmçinin, yüzlərlə Aİ vətəndaşının İrandan tam təhlükəsiz təxliyə edilməsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Diplomat qeyd edib ki, Azərbaycan kimi etibarlı tərəfdaşlarla əməkdaşlıq ortaq təhlükəsizliyimizi gücləndirir.
“Bu il Azərbaycanla tərəfdaşlığımızın 30 ilini qeyd etdiyimiz üçün xüsusilə vacibdir. Biz 30 il əvvəl etimada, sabitliyə və ortaq tərəqqiyə əsaslanan tərəfdaşlığa qədəm qoyduq. İllər ərzində Azərbaycan Avropa İttifaqı üçün vacib və etibarlı enerji tərəfdaşına çevrilib, biz də ticarət sahəsində Azərbaycanın ən böyük tərəfdaşı və investoru olmaqdan qürur duyuruq” deyən səfir Kuyudziç əlavə edib ki, iki tərəf arasında münasibətlər indi də inkişaf etməkdədir.
Xanım diplomat qeyd edib ki, bütün bunlara baxmayaraq, əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz. “Gələn həftə tərəfdaşlığımızda daha bir mühüm mərhələ qeyd olunacaq: Bakı 7-ci Aİ–Azərbaycan Təhlükəsizlik Dialoquna ev sahibliyi edəcək və Aİ nümayəndə heyəti Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştirak edəcək.
Xoş təsadüf olaraq bu il ziyafətimizi Nizami Gəncəvi zalında keçiririk və bu ilki ənənəvi Avropa Şəhərciyi tədbirimiz iyunda gözəl Gəncə şəhərində baş tutacaq. Sizin hər birinizi bu tədbirə dəvət etmək istərdim və ümid edirəm ki, bir neçə həftə sonra sizin hamınızla orada görüşəcəyik”,- Aİ səfiri çıxışını tamamlayıb.

Azərbaycan hökuməti adından təbrik nitqi söyləyən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, rəsmi Bakı Avropa İttifaqı ilə əməkdaşlığına xüsusi əhəmiyyət verir. “Biz Avropa İttifaqı ilə əməkdaşlığı xarici siyasətimizdə mühüm tərəfdaşlıq istiqaməti kimi qiymətləndiririk. Son illər dialoqumuzda yeni və müsbət dinamikanı məmnunluqla qarşılayırıq. Bu dinamikanın ən mühüm göstəricilərindən biri son dövrlərdə yüksək səviyyəli təmasların intensivləşməsidir. Bu baxımdan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya son uğurlu səfəri və səfər çərçivəsində qəbul olunmuş birgə mətbuat bəyanatı xüsusilə əhəmiyyətli olub. Həmin bəyanat əməkdaşlığın geniş sahələr üzrə gücləndirilməsinə dair ortaq öhdəliyimizi bir daha təsdiqlədi və Azərbaycan–Avropa İttifaqı münasibətlərinin növbəti mərhələsi üçün aydın siyasi mesaj verdi” deyən nazir müavini bildirib ki, qeyd olunan səfərlə yanaşı, Prezident İlham Əliyevin Antonio Koşta və Avropa Komissiyası Prezidenti Ursula von der Leyenlə görüşləri, Ali Nümayəndə Kaya Kallasın Bakıya səfəri, Genişlənmə üzrə Komissar Marta Kosun Azərbaycana, o cümlədən azad edilmiş erazilərə səfəri, həmçinin təhlükəsizlik, enerji və nəqliyyat sahələrində yüksək səviyyəli dialoqlar hər iki tərəfin bu tərəfdaşlığın dəyərini yaxşı anladığını göstərir.
“İnanırıq ki, bu müsbət siyasi dinamika hər iki tərəf üçün faydalı olacaq praktiki nəticələrə, əməkdaşlığa və layihələrə çevrilməlidir”,- Yalçın Rəfiyev bildirib.
Daha sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.