Azərbaycan Kimya Cəmiyyətinin (AzeCS) beynəlxalq səviyyəli “ChampionX” şirkəti ilə həyata keçirdiyi unikal əməkdaşlıq çərçivəsində 2020-ci ilin sentyabr ayından başlayan maarifləndirmə marafonu öz tempi ilə davam edir.
Neft-kimya sənayesinin ən aktual problemləri və onların kimyəvi həllinə həsr olunan “Oilfield Problems and Chemical Solutions” vebinarları hər ay yerli və xarici mütəxəssislərin təqdimatında 2021-ci ilin may ayına qədər həyata keçiriləcəkdir. “SPE Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” bölməsi tələbələrinin təşkilati dəstəyi ilə gerçəkləşən vebinarın başlanğıc sessiyasına 120-dən çox iştirakçı qatılmışdır və onların arasında ADNSU, BANM, BMU, BDU, UFAZ-ın tələbələri ilə yanaşı Böyük Britaniya, Norveç, Türkiyə, Misir, Hindistan, Filippin, Ukrayna, Əlcəzair, Pakistan və Taylandan olan tələbələr də yer almaqdadır.
Ötən həftənin cümə günü (22 yanvar 2021-ci il) baş tutan növbəti onlayn seminar parafin və asfaltenlər mövzusuna həsr olunmuş və seminarın təqdimatı sözügedən sahə üzrə 10 ildən çox iş təcrübəsi olan, ChampionX şirkətinin aparıcı kimyaçısı Kasper Baack tərəfindən təqdim edilmişdir. Qeyd edək ki, növbəti seminarların neft-qaz sənayesinin problemlərini əhatə edən su təmizləyicilər, bakteriyalar, istehsal sularının ayrılması, emulsiyalar, ərp və hidratlar mözvusuna həsr olunması nəzərdə tutulur.
Hafta.az bildirir ki, AzeCS-in həmtəsisçisi və layihənin ideya müəllifi Orxan Hacıyevin sözlərinə görə, sənaye nəhənglərindən olan “ChampionX”-lə AzeCS-in əməkdaşlığı nəticəsində ərsəyə gələn bu böyük layihədən faydalanan gənclərin Azərbaycan neft kimya sənayesi üçün yüksək ixtisaslı kadrlar kimi yetişməsində olan mühüm rolu düşünmək bizi davamlı müvəffəqiyyətə təşviq etməyə və ruhlandırmağa kömək edir. Gənc nəsil adətən karyera pillələrində ilk addımlarını atarkən müəyyən sıxıntılarla qarşılaşırlar.
AzeCS-in məhz bu layihəsi sayəsində enerji sektorunda yarana biləcək çətinliklər öncədən bölüşülür və bununla da gənclərin təhsil aldıqları dövrdə mühüm məqamlara nəzəri cəhətdən daha dərindən fikir yönəltmələrini təmin edilmiş olunur. Beləliklə, Cəmiyyətin əsas amalına uyğun olaraq gələcək nəsil kimyaçı və kimya mühəndislərinin enerji sənayesində daha peşəkar formalaşmasına kömək edilir”.
Azərbaycanda ilk dəfə baş tutan, sənaye və təhsili əlaqələndirən bu cür uzunmüddətli və peşəkar layihənin səs-sorağı beynəlxalq mətbuatda neft sənayesinin əsas carçılarından olan bir sıra mətbu orqanlarda da işıqlandırılmışdır.
Məlumat üçün qeyd edək ki, “Azerbaijan Chemical Society” (Azərbaycan Kimya Cəmiyyəti) 2016-cı ildə 5 nəfər entuziazmlı kimyaçı gənc tərəfindən təsis edilmişdir. Qısa zaman ərzində cəmiyyət sosial əhatəsinə kimya sahəsi ilə birbaşa əlaqəli olan tələbələri, peşəkar mütəxəsisləri, müəllimləri, elmi fəaliyyətlə məşğul olan elmi işçiləri, professorları və digər sahələrdə çalışan kimyaçıları cəmləyə bilmişdir. Cəmiyyətin fəaliyyət mərkəzində Azərbaycanın yetişməkdə olan gənc kimyaçıları üçün elm və sənayenin vəhdətini təşkil etmək durur. Bunun üçün Cəmiyyət yaşlı nəslin təcrübələrindən faydalanır, bir sıra yerli və xarici sənaye şirkətlər, eləcə də, elmi cəmiyyətlərlə əməkdaşlıq həyata keçirir. Həmin əməkdaşlıqlara son zamanlar qurulan AzeCS və American Chemical Society (ACS) elmi körpüsünü qeyd etmək olar.