Azərbaycanlı sahibkarlar xarici bazarlarla daha yaxşı işləyə bilmirlər - Ekspert

17:30 05.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ələt İqtisadi Zonası müasir texnologiyalara əsaslanan və daha yüksək dəyərtutumlu iqtisadiyyatın formalaşması üçün bir baza rolunu oynaya bilər.

Bu fikirləri hafta.az-a iqisadçı-ekspert Rəşad Həsənov deyib.

Onun fikrincə, Azərbaycanda əslində xüsusi iqtisadi zona uzun illərdir tətbiq olunur. Məsələn, sənaye məhəllələri, sənaye parkları, aqroparklar, turizm rekreasiya zonaları və s. Bunlar əslində xüsusi iqtisadi zona anlayışlarının bu günə qədər tətbiq olunmuş və tətbiq olunmaqda olan növlərindəndir:

"Azad iqtisadi zona olaraq Ələt İqtisadi Zonası Azərbaycanda tətbiq olunan ilk model olacaq. Bura sahibkarlıq subyektlərinə, xüsusən də xarici investorlara gömrük vergi güzəştləri təmin etməklə və eyni zamanda müəyyən infrastruktur formalaşdırmaqla və həmin sahibkarlıq subyektlərinin nəqliyyat-kommunikasiya imkanlarına çıxış imkanlarını asanlaşdırmaqla iqtisadi fəaliyyətlərlə məşğul olmaları üçün nəzərdə tutulmuş zonadır. Bu zonanın fəaliyyəti haqqında bildiyiniz kimi qanun da qəbul olunub. Bu qanunun qəbul edilməsi üçün zərurət var idi. Xüsusən də xarici sərmayədarlar sürətli qanun dəyişikliyi halında uzunmüddətli investisiya planlaşdırmasını apara bilmirlər. Onlara daha etibarlı, uzunmüddətli dövrdə daha dayanıqlı olan biznes mühiti lazımdır. Məhz bu zərurət azad iqtisadi zona haqqında qanunun qəbul olunmasını şərtləndirdi. Qanun zonada fəaliyyət göstərən rezidentlərin mülkiyyət hüququ, onların investisiyalarının repatriasiyası şərtləri və eyni zamanda fəaliyyətləri zamanı yaranan vergi və gömrük öhdəlikləri üzrə güzəştləri özündə ehtiva edir. Bundan başqa onların xüsusi şərtlər daxilində arbitraj məhkəməsi olacaq. Bura həm də müasir texnologiyalara əsaslanan və daha yüksək dəyərtutumlu iqtisadiyyatın formalaşması üçün bir baza rolunu oynaya bilər. Xarici bazarlarla əlaqələrin genişlənməsinə ciddi töhfə verəcək. Azərbaycanlı sahibkarlar xarici bazarlarla daha yaxşı işləyə bilmirlər. Bu istiqamətdə təcrübə zəifdir. Qeyd edilən xarici sərmayədarların hazır təcrübələri, hazır bazarları var. Eyni zamanda təbii ki, vəsaitlə birlikdə bütövlükdə bu üç komponenti özündə birləşdirən ciddi iqtisadi imkan formalaşdıracaq. Azərbaycan iqtisadiyyatı ilə münasibətdə mal və xidmətlərə yaranan tələb fonunda müəyyən multiplikativ effekt yaradacaq. Eyni zamanda Azərbaycanın əsas iqtisadiyyatının iştirakçıları üçün Ələt Azad İqtisadi Zonasında təşkil olunan mal və xidmətlər daha aşağı qiymətlə əldə etmək imkanı yaranacaq”.

 

Oxunma sayı 487