Qardaş Türkiyədə təxminən 10 gündür ki, meşələr od tutub yanır. İlk gündən dövlət və xalq bir olaraq yanğınlarla mübarizə aparır, hətta dost və qardaş ölkələrdən də yardım dəstələri göndərilib. Amma yanğın ocaqlarının az bir qismi hələ də qalmaqdadır. Nə baş verir, neçə illərdir mövzu etdiyimiz qlobal isinmənin bəlasıdırmı, bəlkə onillərdir qardaş ölkəmizin başına dərd olmuş PKK terror ünsürlərinin təxribatıdır? Müəmmalı hallar var, yanğın ocaqlarının təxminən eyni vaxtda, həm də ölkənin fərqli yerlərində alovlanması terror qruplarının əli ola biləcəyi şübhəsini ortaya çıxarıb. Dövlət səviyyəsində istintaq da başladılıb, amma şayiələr davam edir...
Əsas yanğın ocaqlarının Egey və Aralıq dənizləri bölgələrində baş verdiyini nəzərə alıb, İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyinin sədr müavini Murtaza Qaraçanta ilə söhbətləşdim. Axı İzmir şəhəri məhz Egey bölgəsinin mərkəzi sayılır, fəlakət bölgəsidir və yanğınların istisini izmirlilər daha yaxından hiss edirlər...
- Türkiyədə baş verən yanğının artıq böyük qismi söndürülərək, nəzarətə götürülüb. Bəzi yerlərdə qalır, onların da söndürülməsi üçün gecə-gündüz qızğın əmək sərf olunur. Bu yanğınların yalnız Egey dənizi bölgəsində baş verdiyini söyləmək olmaz. Çünki bu bölgələrdə yanğın ocaqları daha çox yayılsa da, ölkənin başqa regionlarında da meşələr od tutub yanır. Məncə bu halların yaranmasında xüsusilə də Aralıq və Egey dənizləri ətrafında aşırı istilərin davam etməsi birmənalı şəkildə rol oynayır. Digər yandan, fikir verirsinizsə, əsas yanğın ocaqlarının olduğu bölgələr çox böyük turizm mərkəzləridir. Bu yerlərdə turistlərin timsalında insanların çox olması da yanğının baş verməsinə mümkün şərait yaradır. Yəni insanların sayı artırsa, onların diqqətsizliyindən yaranan xoşagəlməz hallar da çoxalır.
- Ümumilikdə götürsək, ölkənizdə belə bir statistik hesablama aparılıbmı ki, yanğınların məhv etdiyi meşə və digər yaşıllıqların ərazisi nə qədərdir?
- Hələlik yanğınlardan dolayısı meşələrə dəyən ziyanın həcmini hesablamaq mümkün deyil. Amma bu sahənin mütəxəssislərinin şəxsi qənaətincə, günümüzədək hardasa təxminən 15 minlə 20 min hektar arasında yaşıllıq ərazilər yanaraq, məhv olub. Amma yenə təkrar edirəm, bu mütəxəssislərin təxmini hesablamasıdır.
- Yuxarıda ötəri qeyd etdiniz, amma yenə soruşum: Türkiyədə meşə yanğınlıarının səbəblərinə dair fikirlər necədir, ərazilər təbii səbəblərdən yanır, yoxsa təxribat izi var? Yəni PKK və ya onun törəməsi olan “Atəşin övladları”nın bu işdə əli olmasına inanırsınız?
- Bununla bağlı hər hansı dəqiq fakt söyləmək mümkün deyil indiki məqamda. Amma əlaqədar orqanlar hazırda yanğınların baş vermə səbəblərinə dair bütün şübhələr üzərində təhqiqat aparmaqdadır. Yəqin ki, araşdırmaların sonunda gəlinən qənaət ictimaiyyətə açıqlanacaq. Bu səbəbdən də yayılan şayiələrə uymamağı tövsiyyə edərdim.
- İlk gündən yanğın ocaqlarının söndürülməsi üçün Türkiyənin “Tək ürək” olduğunu bilirik. Amma yanğınların sürətlə genişlənərək qarşısıalınmaz hala gəldiyini düşünərək soruşmaq istərdim: yanğın çıxan ilk anda onları söndürməkdə gec qaldınız, yoxsa sadəcə göstərilən səylər alovun gücü qarşısında aciz olub? Niyə soruşuram, çünki kənardan baxanda, Türkiyə sanki yanğına müdaxilədə gec qalıb kimi görünür. Müxalifətiniz də yeri gələndə belə deyir...
- Mən bu fikirlə razı deyiləm. Hər kəs bilməlidir ki, Türkiyə bütün sahələrdə inkişaf etmiş, güclü və böyük dövlətdir. Təbii ki, yanğına ilk başda müdaxilə edilib. Amma bölgəmizdə hakim olan əlverişsiz hava şəraiti, yəni aşırı isti və güclü külək səylərin müsbət nəticə verməsinə mane olub, yanğının daha geniş ərazilərə yayılmasına şərait yaradıb.
- Bir düşündürücü fakt diqqətimizi çəkir: yanğın ocaqları ölkənizin fərqli bölgələrində və eyni vaxtda baş qaldırıb. Bu sizdə şübhə oyatmır? Bayaq da dedim: bunun PKK tərəfindən təxribat məqsədilə edilməsi fikri yaranır hər kəsdə...
- Yanğının Türkiyənin fərqli bölgələrində eyni zamanda ortaya çıxması, əlbəttə ki, çox adamda şübhə yaradır. Amma yenə deyirəm ki, istintaq araşdırmaları başa çatmaması, ittiham edilən terror təşkilatlarının izini göstərən hər hansı dəlilin əldə olmaması, qəti fikir söyləməyə imkan vermir. Məncə indidən mühakimə müstəvisində danışmaq yanlış nəticələrə gətirib çıxarar.
- Yanğın ocaqlarının söndürülməsi üçün xaricdən böyük dəstək verilir ölkənizə. Maraqlıdır, indiyədək konkret olaraq hansı ölkələrin dəstək qüvvələri hadisə yerində işləyir? Çünki Avropadan da dəstək sözü verildi, amma sonra məlum oldu ki, gəlməyəcəklər...
- Xarici ölkələrdən verilən dəstək türk xalqının əzmini daha da gücləndirib. Bu səbəbdən də yanğının söndürülməsinə dəstəkçi olan bütün ölkələrə təşəkkür edirik. Bildiyim qədər, başda Azərbaycan olmaqla, Rusiya, Ukrayna və İranın göndərdiyi texnika və canlı qüvvə təbii fəlakət bölgəsindədir.
- Maraqlıdır, Türkiyə kimi böyük əraziyə malik dövlətin nəyə görə belə fövqəladə vəziyyətlərdə ehtiyaclarını ödəyə biləcək sayda, məsələn, 10 dənə amfibiya təyyarəsi, 20 dənə helikopteri yoxdur? Bilmirəm, bəlkə də var, amma hesab edirəm ki, bu vasitələr yetərincə olsaydı, ilk andan müdaxilə edər və daha müsbət nəticələr verərdi...
- Təbii ki, Türkiyə çox böyük ölkədir, bu cür yanğınların, təbii fəlakətlərin öhdəsindən artıqlamasıyla gələ biləcək gücdədir. Ancaq dövlətlərin bir-birinə istənilən təbii fələkətin, o cümlədən məlum yanğın kimi hadisələrin qarşısını almaqda kömək etməsi, humanitar yardım olaraq, məsuliyyət daşıması xalqlar arasında yaxşı əlaqələrin və dostluqların yaranmasına şərait yaradır. Təbii ki, Türkiyənin yanğınları söndürmək üçün yetərli sayda təyyarəsi və helikopteri mövcuddur. Hər dövlətin özünəməxsus fəaliyyət formaları mövcud olduğu kimi, Türkiyənin də var. Bu gün yanğınların söndürülməsində həm ictimai qurumlar, həm də özəl şirkətlər iştirak edir. Əvvəl də dediyim kimi, yanğına müdaxilədə gecikmə olmayıb. Sadəcə aşırı istilər və güclü külək yanğının qısa vaxtda sürətlə yayılmasına şərait yaradıb.
- Mən belə düşünürəm ki, Azərbaycanın dəstəyi hansısa formada yardım filan deyil, öz ölkəmizdə yanğına müdaxilə sayılmalıdır. Çünki biz – hər bir Azərbaycan vətəndaşı Türkiyəni öz ölkəmiz, öz vətənimiz bilirik. Hazırda onlar fəlakət bölgələrində türkiyəli həmkarları ilə birlikdə yanğını söndürməkdədirlər. Razı qaldınızmı onların fəaliyyətindən, işləri necə gedir, yerli əhali nə düşünür azərbaycanlı yanğınsöndürənlər haqda?
- Bu çətin günlərdə Azərbaycanın birmənalı şəkildə Türkiyənin yanında olması xalqımız tərəfindən məmnuniyyətlə qarşılanıb. Yayılan videolardan da gördüyünüz kimi, əsasən də yerli camaat Azərbaycandan gələn yardım qrupunu bağrına basıb. Bir faktı da qeyd edim ki, Azərbaycan yardım dəstələrinin öz ölkələrindəymiş kimi ürəklə çalışması bütün Türkiyədə, xüsusilə də yerli camaatda ikiqat rəğbət yaradıb. Mən də şəxsən sizin vasitənizlə, ürəklərdə taxt quran qəhrəman yanğınsöndürənlərə minnətdarlığımı çatdırıram.
- Qlobal isinmənin tam sürətlə davam etdiyini və irəlilədikcə də, dünynın fəlakətə sürüklədiyini nəzərə alsaq deyə bilərik ki, qarşıda ölkələri daha böyük faciələr gözləyir. Bu halda təbii fəlakətlərlə mübarizə məqsədilə hər hansı ad altında regional birlik təsis etmək olarmı? Məsələn, bu birliyi Türk Dövlətləri arasında yaratmaq və İranı, Pakistanı, Ukraynanı, hətta Rusiyanı, digər bəzi bölgə ölkələrini də ora qəbul etmək olardı...
- Tamamilə doğrudur. Qlobal isinmənin mənfi təsirlərini gözümüzün qarşısında canlandırsaq, deyə bilərik ki, irəlidə daha böyük sürprizlərlə qarşılaşma ehtiimalı var. Odur ki, təbii fəlakətlərlə mübarizə məqsədilə hər hansı birliyin yaradılması zəruridir. Məsələn, dediyiniz kimi, Türk Dövlətləri, ya da ümumilikdə bölgə ölkələri arasında bu müstəvidə bir təşkilat təsis oluna bilər və bu zəruridir.