“Azəriqaz”: Qazlaşma işlərinin 92 faizi tamamlanıb

17:03 23.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində qazlaşdırma işləri bu il də davam etdirilib. Hazırda qazlaşma işlərinin təqribən 92 faizi tamamlanıb.

Hafta.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.

Şöbə rəisi bildirib ki, cari il SOCAR tərəfindən təsdiq olunmuş “Kapital qoyuluşu” Proqramına əsasən, 114 kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulsa da, ilin əvvəlində qazlaşdırma tədbirlərində ləngimələr oldu: “Qazlaşdırma layihələrində əsasən polad borulardan istifadə olunur ki, onların da əsas təchizat ölkəsi Rusiya və Ukraynadır. Ölkələr arasında olan münaqişə ilə bağlı polad borularının təminatında ləngimələr və problemlər yaşandı. Buna baxmayaraq, “Azəriqaz”ın ötən ildən olan ehtiyat borular hesabına və digər tədbirlər nəticəsində bu problemlərdən yan keçdik”.

“Proqrama əsasən geri qalan qazlaşmamış hissə isə növbəti il yanvar ayının ilk 15 günündə tamamlanacaq və qalıq obyektləri olan kənd və massivlərə də təbii qazın verilməsi tam şəkildə təmin olunacaq”,- deyə şöbə rəisi qeyd edib.