“Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund – QSF) İdarə Heyətinin Bakıda keçirilən 95-ci iclasına ev sahibliyi edir.
Hafta.az xəbər verir ki, “AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC ilə ÜPİ-nin Beynəlxalq Bürosu arasında əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirdə fondun fəaliyyəti, həyata keçirilən layihələr və gələcək təşəbbüslər müzakirə edilir.
Açılış mərasimində çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən Manaf Babayev bildirib ki, müəssisə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və Ümumdünya Poçt İttifaqı çərçivəsində həyata keçirilən təşəbbüslərə fəal töhfə verməyi önəmli hesab edir.
İclas proqramına uyğun olaraq Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin sessiyalarında fond çərçivəsində təqdim olunan layihə təklifləri, yekun və qiymətləndirmə hesabatları, həmçinin fondun fəaliyyəti ilə bağlı digər məsələlər nəzərdən keçirilir.
Tədbir çərçivəsində, həmçinin “QSF AZE2313 Bakı” layihəsi üzrə magistral poçt daşımalarının təkmilləşdirilməsi məqsədilə alınmış beş iritonnajlı nəqliyyat vasitəsinin layihə üzrə yekun qiymətləndirilməsinin aparılması nəzərdə tutulur.
Bildirilib ki, ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu inkişaf etməkdə olan ölkələrdə poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsini dəstəkləyən mühüm maliyyə mexanizmidir. Fond vasitəsilə həyata keçirilən layihələr poçt operatorlarının infrastrukturunun modernləşdirilməsinə, əməliyyat imkanlarının genişləndirilməsinə və xidmət keyfiyyətinin artırılmasına xidmət edir.
Qeyd edək ki, ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasının Bakıda keçirilməsi Azərbaycanın qlobal poçt sistemində rolunun gücləndiyini, beynəlxalq əməkdaşlığa verdiyi töhfəni və etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirir. Tədbirin, eyni zamanda, qabaqcıl təcrübə mübadiləsinin genişlənməsinə və ÜPİ ilə uzunmüddətli əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyi vurğulanıb.