“Bir Pəncərə” Rəqəmsal Logistika Platforması təqdim edilib - YENİLƏNİB

13:55 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 16-da xarici ticarət əməliyyatları üzrə məlumatları, xidmətləri və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən “Bir Pəncərə” İnformasiya Sistemi (İS) – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbərləri və nümayəndələri, biznes sektorunun təmsilçiləri, logistika sahəsində fəaliyyət göstərən şirkətlər və media nümayəndələri iştirak ediblər.

Bildirilib ki, platforma Azərbaycan Prezidentinin 15 dekabr 2025-ci il tarixli 547 nömrəli Fərmanına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb. Yeni sistem idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumatları, xidmətləri və sənəd dövriyyəsini vahid rəqəmsal mühitdə inteqrasiya etməklə xarici iqtisadi fəaliyyət iştirakçıları üçün daha sadə, şəffaf və izlənilə bilən xidmət imkanları yaradır.

Qeyd olunub ki, “Bir Pəncərə” İnformasiya Sistemi sahibkarların inzibati yükünün azaldılmasına, dövlət xidmətlərinə çıxışın asanlaşdırılmasına və xarici ticarət proseslərinin daha səmərəli təşkilinə xidmət edir. Platformanın tətbiqi ilə logistika zəncirində operativliyin artırılması, məlumat mübadiləsinin sürətləndirilməsi və ticarət əməliyyatlarının optimallaşdırılması nəzərdə tutulur. Uzunmüddətli perspektivdə sistem Azərbaycanın daha çevik və dayanıqlı xarici ticarət ekosisteminin formalaşmasına, biznes mühitinin rəqabət qabiliyyətinin yüksəldilməsinə, ölkənin tranzit potensialının gücləndirilməsinə və təchizat zəncirlərinin daha səmərəli qurulmasına mühüm töhfə verəcək.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Bir Pəncərə” informasiya sisteminin yaradılması barədə Fərman dövlət xidmətlərinin vahid rəqəmsal mühitdə təqdim olunmasına, dövlət informasiya sistemlərinin inteqrasiyasına və xarici ticarət proseslərinin tam rəqəmsallaşdırılmasına yeni imkanlar yaradıb.

“Bir Pəncərə” informasiya sistemi logistika ekosisteminin bütün iştirakçılarını vahid platformada birləşdirərək yükdaşımalarının planlaşdırılması, icazələrin alınması, məlumat mübadiləsi və logistika xidmətlərinin daha operativ təşkilini təmin edəcək. Dünyada bu modelin tətbiq olunduğu ölkələrin sayı məhduddur. Azərbaycan dövlət-biznes əməkdaşlığı əsasında vahid rəqəmsal ekosistem formalaşdırmaqla beynəlxalq ticarətdə etibarlı və müasir logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir”, – deyə nazir müavini qeyd edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov qeyd edib ki, "Bir Pəncərə" platforması sahibkarlar üçün gömrük prosedurlarının sadələşdirilməsi və dövlət xidmətlərinin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihənin tam tətbiqindən sonra sahibkarların eyni məlumatı müxtəlif dövlət qurumlarına təkrar təqdim etməsinə ehtiyac qalmayacaq: “Məlumat mübadiləsi vahid elektron platforma vasitəsilə həyata keçiriləcək ki, bu da həm vaxt itkisini, həm də inzibati yükü əhəmiyyətli dərəcədə azaldacaq. Rəqəmsal texnologiyaların tətbiqi gömrük rəsmiləşdirilməsinin sürətini artırmaqla yanaşı, xidmətlərin şəffaflığını və operativliyini də yüksəldəcək”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə çıxışında bildirib ki, Azərbaycanda nəqliyyat və logistika sahəsində həyata keçirilən rəqəmsal transformasiya tədbirləri ölkənin xidmətlər balansında nəqliyyat sektorunun rolunun daha da güclənməsinə mühüm töhfə verə bilər. Onun sözlərinə görə, bu ilin birinci rübündə Azərbaycanın tədiyyə balansında qarşılıqlı xidmətlər dövriyyəsinin 30 faizi nəqliyyat xidmətlərinin payına düşüb. Ümumi dəyəri 1,3 milyard dollar olan nəqliyyat xidmətlərinin 69 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi hesabına formalaşıb: “Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz artıb, idxalı isə 10,6 faiz azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 54,4 faiz artaraq 500 milyon dollara çatıb. Bu göstəricilər nəqliyyat xidmətlərinin Azərbaycanın xidmətlər balansında dayanıqlı və artan əhəmiyyətə malik strateji istiqamətlərdən birinə çevrildiyini göstərir”.

Çıxışlarda layihənin Azərbaycanın rəqəmsal inkişaf strategiyasında rolu, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinə verəcəyi töhfələr və platformanın gələcək inkişaf istiqamətləri diqqətə çatdırılıb.

Layihə rəhbəri Ehtiram Quliyev platformanın əsas funksionallıqları barədə məlumat verərkən bildirib ki, sistem dörd əsas alt sistemdən ibarətdir və idxalatçılar, ixracatçılar, daşıyıcılar, ekspeditorlar, logistika şirkətləri və digər maraqlı tərəflər üçün geniş imkanlar yaradır.

Tədbir iştirakçıları platformanın canlı təqdimatını izləyib, sistemin iş prinsipləri ilə tanış olublar. Biznes nümayəndələri isə ilkin istifadə təcrübələrini bölüşərək xidmətlərə çıxışın sadələşdirilməsi, proseslərin sürətləndirilməsi və əməliyyatların daha çevik təşkili baxımından əldə olunan nəticələri diqqətə çatdırıblar.

Qeyd edilib ki, “Bir Pəncərə” İnformasiya Sistemi uzunmüddətli inkişaf perspektivi üçün nəzərdə tutulmuş milli rəqəmsal platformadır. Növbəti mərhələlərdə sistemə yeni dövlət xidmətlərinin, əlavə inteqrasiyaların və beynəlxalq əməkdaşlıq imkanlarının daxil edilməsi planlaşdırılır.

11:45

Xarici ticarət əməliyyatları üzrə məlumatları, xidmətləri və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən “Bir Pəncərə” İnformasiya Sistemi (İS) – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı keçirilir.

Hafta.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbərləri və nümayəndələri, biznes sektorunun təmsilçiləri, eləcə də media nümayəndələri iştirak edirlər. Bildirilib ki, platforma Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 547 nömrəli Fərmanına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb. “Bir Pəncərə” İnformasiya Sistemi idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumatların, xidmətlərin və sənəd dövriyyəsinin vahid rəqəmsal mühitdə inteqrasiyasını təmin edir. Sistem xarici iqtisadi fəaliyyət iştirakçılarına ticarət və logistika proseslərinə daha sadə, şəffaf və operativ çıxış imkanı yaradır.

Qeyd olunub ki, yeni platformanın tətbiqi nəticəsində dövlət qurumları və biznes subyektləri arasında məlumat mübadiləsi daha səmərəli təşkil olunacaq, sənədləşmə prosesləri sadələşdiriləcək, xarici ticarət əməliyyatlarının icrası zamanı vaxt və resurs itkiləri minimuma endiriləcək.

Rəqəmsal Logistika Platforması Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizləri üzrə rəqabət qabiliyyətinin artırılması və xarici ticarət proseslərinin tam rəqəmsal mühitə keçirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən biri hesab olunur.