“Aztelekom”dan şikayət var

11:31 18.08.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Paytaxt sakinləri “Aztelekom”dan şikayətçidirlər. İddialara görə, sözügedən qurum vətəndaşa internetə qoşulmada seçim imkanı vermir. “Aztelekom”un təklif etdiyi internetin sürətinin zəif, qiymətinin isə baha olduğu bildirilir.  Bağlanılan müqaviləyə əsasən xidmət haqqı bir gün gecikdirildikdə isə, 100 manatdan çox cərimə yazılır. Eyni zamanda, xidmət səviyyəsindən narazı qalınsa belə, bir il başqa provayderə qoşulmaq mümkün deyil. Hətta vətəndaşın telefon xətti də kəsilir.

Əslində “Aztelekom”dan bu kimi şikayətlər edilməsi ilk hal deyi. Biz zaman-zaman həm mətbuatda, həm də sosial platformalarda “Aztelekom”un internet xidmətlərinin keyfiyyətsizliyi, antiinhisar qanunvericiliyinin tələblərini pozduğuna dair məlumatlarla rastlaşırıq. Məsələn ötən ay İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC-lər barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib. Bundan əvvəl qurum özəl internet provayderlərinə göstərilən xidmətin tariflərində artımların tətbiq edilməsinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan araşdırma, eləcə də bir sıra özəl internet provayderlərdən də daxil olmuş müraciətlər əsasında “Aztelekom” və "Baktelecom" barədə iş qaldırıb. İşə baxılması zamanı Cəmiyyətlərin dövlət (Tarif (qiymət) Şurası) tərəfindən tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdikləri və bununla bağlı qeyd edilən Cəmiyyətlərin bir sıra qanunvericilik aktlarının tələblərini pozması müəyyən olunub. Qəbul olunan qərara görə, “Aztelekom” və "Baktelecom"a onların daxili əmri ilə müəyyən edilmiş xidmət tariflərinin “Telekommunikasiya haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunların, habelə Tarif (qiymət) Şurasının qərarlarının tələblərinə uyğunlaşdırılması haqqında göstəriş verilib və adı çəkilən Cəmiyyətlərə maliyyə sanksiyası şəklində cərimə tətbiq edilib.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, həm “Aztelekom”, həm də digər internet provayderlərlə bağlı onlara da şikayətlər gəlir: “Çox təəssüf ki, istehlakçıların hüquqlarını pozan belə mənfi hallar var. Bunun səbəbi odur ki, ölkədə istehlakçı siyasəti yoxdur. Belə halda istehlakçılar yalnız məhkəməyə müraciət edib, öz hüquqlarını qorumaq üçün iş apara bilərlər, ancaq Azərbaycan məhkəmələri də, təəssüf ki, bu işə hazır deyillər. Ümumiyyətlə isə istehlakçılar hansısa qurumla xidmətə dair müqavilə bağlayarkən həmin sənədi diqqətlə oxumalıdırlar. Belə provayderlər boykot edilməlidir. İstehlakçı hüquqlarınn pozulması ilə bağlı bizə də hər həftə 1-2 telefon zəngi gəlir. İllər əvvəl bizə daha əcaib şikayət daxil olmuşdu. Belə ki, provayderlərdən biri qiyməti aşağı salır, digər provayderlər isə onu boykot etmişdi. Yəni, onlar həmin o qiyməti aşağı salmış provayderlə kommunikasiyanı kəsmişdilər. Başqa sözlə, bir insan başqa provayderin istifadəçisi idisə, qiyməti aşağı salan provayderlə əlaqə saxlaya bilmirdi. Digər şirkətlər virtual olaraq həmin şirkəti boykot etmişdi. Beləliklə də həmin şirkəti qiymət artımına getməyə, digər şirkətlərlə eyni səviyyədə xidmət haqqı təklif etməyə məcbur etdilər. Təbii ki, bu dövlətin antiinhisar siyasətinin çox bərbad vəziyyətdə olduğunun sübutudur. Təəssüflər olsun ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti belə məsələlərə göz yumur”.

Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov vətəndaşlar sürətli internet əldə etmək istəyirlərsə, GPON texnologiyası üzərindən göstərilən internet xidmətindən istifadə etsinlər: “Hazırda yerli provayderlər bu texnologiya üzərindən də internet xidməti təklif edirlər. GPON normal telefon xəttinin optik alternativi olan bir texnologiyadır. Hansı ki, həm telefon görüşmələri, həm də internetin eyni optik kabeldən verilməsi ilə əlaqədardır. Bunun əlavə modem quraşdırılır və həmin modemi də provayder təmin edir. Ona görə də şikayətçinin “Aztelekom”la bağlı söylədiklərinin bir qismi doğrudur. Belə ki, həqiqətən də istehlakçı başqa provayderin xidmətindən istifadə edə bilməz. Çünki provayder öz hesabına optik xətti çəkir. Bu kifayət qədər bahalı bir işdir. Onun 1 metrinin uzunluğu təxminən 20-30 dollardır. Həm də avadanlığı yəni, modemi tamamilə pulsuz təqdim edir. Ona görə də onların şərti ondan ibarətdir ki, həmin avadanlığın xərci qarşılanmaq üçün heç olmasa, müştəri bir il “Aztelekom”un internet xidmətindən istifadə etməlidir. Yəni, sözügedən qurumun belə bir şərtinin olması tamamilə doğrudur. Eyni zamanda, istehlakçı xidmətdən imtina edirsə, avadanlığın pulunu geri ödəməlidir. Həmin avadanlığın da qiyməti 100 manatdır”.

Məsələ ilə bağlı “Aztelekom” MMC-yə də suallar ünvanladıq:

“Hazırda  «Aztelekom» vətəndaşlara hansı növ internet xidməti paketləri təklif edir? Bu paketlərə qoşulmaq üçün şərtlər nədən ibarətdir? Vətəndaş internetin keyfiyyətindən razı qalmadığı təqdirdə, istənilən vaxt xidmətdən imtina edə bilərmi?”

Qurumdan bildirildi ki, “Aztelekom” MMC tərəfindən vətəndaşlara ADSL (4-7-10 Mbit/s) və GPON (Gigabit Passiv Optik Şəbəkə) - (30 Mbit/s-dən 100 Mbit/s-dək) texnologiyası üzərindən internet xidmətləri təqdim edilir.

“Aztelekom”un ADSL xidmətindən istifadə etmək istəyənlər üçün qaydalar:

Telefon xəttinin olmadığı təqdirdə xəttin çəkilməsi üçün 30 AZN və telefon xətti üçün aylıq 3.50 AZN ödəniş edilməlidir.

“Aztelekom”un ADSL xidmətindən Optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçiləri üçün qaydalar:

12 aylıq güzəştli şərtlər (Telefoniya+İnternet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

Standart müqavilə (Telefoniya+İnternet) – İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

Standart müqavilə (Telefoniya) – İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün 110 AZN ödəniş edir.

Bundan əlavə, ayrılmış internet xətti (AİK) vasitəsilə də internet xidmətinin göstərilməsi mümkündür.

“Aztelekom”un Optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar​:

12 aylıq güzəştli şərtlər (Telefoniya+İnternet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

Standart müqavilə (Telefoniya+İnternet) – İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda qoşulma üçün 30 AZN və ONT modemi üçün endirimlə 50 AZN ödəniş etməlidir.

Standart müqavilə (Telefoniya) – İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidməti aldıqda qoşulma üçün 30 AZN və ONT modemi üçün 110 AZN ödəniş etməlidir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün Rabitə Xidmətləri Mərkəzlərinə (RXM) və “Aztelekom”un regional filiallarına müraciət edə, həmçinin qurumun rəsmi internet səhifəsinə (www.aztelekom.az və ya www.aztelekom.az/az/onlayn) daxil olaraq müraciəti onlayn şəkildə göndərə bilərlər.

Xidmətdən narazı qalan vətəndaşların müraciətlərinin həlli istiqamətində müvafiq profilaktik işlər görülür və çətinliklər yarandığı halda aradan qaldırılır.