“Bakı Metropoliteni” QSC-də sanitar-profilaktik tədbirlər davam etdiriləcək.
QSC-dən hafta.az-a bildirilib ki, dezinfeksiya işləri davam etdirilərək əsaslı və cari olmaqla iki istiqamətdə aparılacaq. Əsaslı dezinfeksiya tədbirləri sərnişin daşınmadığı vaxtlarda təmin olunacaq. Stansiya və qatarların əsaslı dezinfeksiyası müəyyən edilmiş qrafik üzrə təşkil ediləcək. Bu zaman Bakı metropoliteninin və “COVID-19” virusunun xüsusiyyətləri nəzərə alınmaqla seçilmiş geniş spektrli maddədən istifadə olunacaq.
Cari dezinfeksiya işləri gündəlik qaydada aparılacaq. Bu işlər stansiyalarda əllə təmas olunan bütün səthlərdə gün ərzində 6 dəfədən az olmamaq şərti ilə yerinə yetiriləcək. Qatarlar xətdən depoya texniki baxış, qulluq və xidmət üçün göndərilərkən, depo şəraitində müvafiq sanitar-gigiyenik tədbirlər görüləcək. Bütün sanitar-gigiyenik tədbirlərə, o cümlədən dezinfeksiya işlərinə ən yüksək səviyyədə yoxlama-nəzarət mexanizmləri tətbiq ediləcək.