Bakı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas dayağına çevrilir - Rəy

14:44 02.12.2025
Yazını böyüt
Yazını kiçilt

"Minsk Qrupunun fəaliyyətinin başa çatması Cənubi Qafqazda uzun illər davam etmiş status-kvonun tam şəkildə sıradan çıxması deməkdir. Bu, təkcə vasitəçilik mexanizminin yoxa çıxması deyil, həm də bölgədə təhlükəsizlik arxitekturasının yeni reallıqlar əsasında formalaşmasıdır".

Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Azər Hüseynov deyib.

Ekspert qeyd edib ki, 2020–2023-cü illərdə baş verən proseslər göstərdi ki, Cənubi Qafqazın geosiyasi xəritəsini artıq meydan üzərindəki real güc balansı müəyyən edir. Bu balansda isə həlledici hərbi-siyasi aktor məhz Azərbaycandır:

"Azərbaycanın hərbi üstünlüyü, enerji-logistika layihələri və diplomatik manevr imkanları regionda liderlik rolunu faktiki olaraq təsbit edib. Dövlətin regiondakı yeni mövqeyi artıq yalnız Qarabağ məsələsinin həllindən doğmur; Bakı həm də Şərq-Qərb, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas dayağına çevrilərək Cənubi Qafqazın iqtisadi və siyasi mərkəzi rolunu möhkəmləndirir. Bu, həm geosiyasi çəkini artırır, həm də Qafqaz ölkələrinin xarici siyasət kurslarını obyektiv şəkildə dəyişməyə vadar edir".

A.Hüseynov qeyd edib ki, eyni zamanda, bu reallıq fonunda regionun digər iki dövləti – Ermənistan və Gürcüstan – öz strategiyalarını yeni şərtlərə uyğunlaşdırmaq məcburiyyətindədir:

"Gürcüstan üçün bu, Bakı ilə əməkdaşlığın daha da dərinləşdirilməsi və iqtisadi inteqrasiyanın genişləndirilməsi deməkdir. Çünki Gürcüstanın tranzit funksiyası məhz Azərbaycanla sinxron siyasət yürüdüldükdə maksimum nəticə verir. Ermənistan üçün isə proses daha mürəkkəb, lakin məğz etibarilə qaçılmazdır. Ermənistan qarşısında duran əsas şərt revanşist meyillərin, dağıdıcı siyasi ritorikanın və qeyri-real ərazi iddialarının tam və qəti şəkildə aradan qaldırılmasıdır. Bu, yalnız regionda sülhün və dayanıqlı inkişafın təminatı baxımından deyil, həm də Ermənistanın öz dövlətçilik təhlükəsizliyi üçün zəruridir. Bakı ilə münasibətlərin normallaşdırılması üçün Ermənistan öz konstitusiyasında və digər rəsmi sənədlərdə əks olunan ərazi iddialarını hüquqi müstəvidə ləğv etməlidir".

Tahirə Qafarlı