Ötən ildən başlayaraq Azərbaycanda bir çox sahələrdə ciddi qiymət artımı özünü göstərir. Ölkədə ərzaq məhsulları ilə yanaşı, kommunal xidmətlər, mənzillərin kirayə qiymətləri də bahalaşıb. Bu bahalaşmalar, eyni zamanda, şəhərdəki yaşam xərclərini də artırıb. Kirayə qalan insanlar üçün isə daha çox xərc tələbi yaranıb.
Qeyd edək ki, 2021-ci ilin əvvəlinə olan rəsmi statistik məlumata əsasən, Bakının əhalisi 2 milyon 300 min nəfərdən artıqdır. Qeyri-rəsmi statistikaya əsasən isə hazırda Bakıda yaşayan əhalinin sayı 4 milyondan çoxdur. Onun təxminən yarısı paytaxta məhz iş üçün gələnlərdir ki, onlar da kirayədə məskunlaşıblar.
Maraqlıdır, bəs görəsən, ölkədə mövcud qiymət artımları daha çox kənd, yoxsa şəhər əhalisinə təsir göstərib? Bu qiymət artımları insanların rayonlara geri dönməsinə və ya bölgələrdən paytaxta kütləvi axın etməsinə səbəb ola bilərmi?
Məsələni hafta.az-a şərh edən iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib ki, son illər şəhərdə yaşam xərcləri bahalaşsa da, bölgələrdən Bakıya axın hələ dayanmayıb: “Hələ ki, rayonlardan gələnlər geri qayıtmaq fikrində deyil. Ola bilər ki, fərdi qaydada kimlərsə rayonda yaxşı iş tapıb geri qayıdıb. Amma bu hal kütləvi xarakter daşımır. Əslində bu gün də Bakıda iş tapmaq daha asandır, nəinki rayonlarda.
Bilirsiniz ki, ərzaq məhsullarının yarıdan çoxu xaricdən idxal olunur. Bu məhsulların qiyməti elə rayonda da, şəhərdə də eynidir. Lakin Bakıda bir iş tapıb həmin məhsulları almaq mümkündür, bölgələrdə isə bu mümkün deyil. Bu gün rayon yerlərində az-çox qalan insanlar müəyyən torpaq sahələrində kiçik təsərrüfatlar yaradan, büdcədən maliyyələşən təşkilatlarda, hərbi hissələrdə çalışanlardır.Yəni, biz şəhərdən kəndə kütləvi axını hələ ki, görə bilmirik. Artıq regionların inkişafı ilə bağlı dördüncü dövlət proqramı həyata keçirilir. Həmin proqramlar iqtisadi baxımdan səmərəli olmalı idi. Bu proqramlara ayrılan vəsaitlər binaların, parkların tikintisinə xərclənməməli idi. Birinci növbədə yüksək səviyyəli infrastruktur yaradılmalı idi. Bunu biz son bir neçə ildə müşahidə edirik. Məsələn, rayonlarda yol infrastrukturu, kommunikasiya xətləri yenidən qurulur. Əslində biz bunu birinci dövlət proqramından müşahidə etməli idik.
Daha sonra elə bir mühit yaradılmalı idi ki, bölgələrdə çoxlu sayda yeni iş yerləri yaradılsın. Əhali də rayonlara qayıtmaqda maraqlı olsun. Tutaq ki, bir tərəfdən torpaqla məşğul olan fermerlərə ciddi dəstək verilməli idi, digər tərəfdən emal müəssisələri genişləndirilməli idi. Məsələn, bölgələrdə üzüm plantasiyalarını bərpa edib, ondan müxtəlif məhsullar əldə edərək xaricə ixrac etmək olardı. Yəni, indiyədək çəkilən xərclərlə yeni müəssisələr yaratmaq, yeni iş yerləri açmaq mümkün idi. Təəssüflər olsun ki, məhz bu istiqamətə çox az vəsait ayrıldı. Bir məqama diqqət yetirək. Demək 10 milyon əhalini kənd təsərrüfatı məhsulları ilə təmin edən aqrar sahəyə bu il cəmi 997 milyon manat vəsait ayrılıb. Bu çox az vəsaitdir. Biz əgər 10 milyon insanı təmin edəcək aqrar sahə qurmaq istəyiriksə, bu istiqamətə ən azı 5-6 milyard pul xərcləməliyik. Bu sahəyə 50-60 milyard yatırandan sonra artıq aqrar sektordan dövlət büdcəsinə ciddi gəlir daxil olacaq. Bununla da həm əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatı 80-90 faiz ödənəcək, həm əhalinin məşğulluğu artacaq, həm də Bakıda yük azalacaq. Eyni zamanda, ölkədən valyuta çıxışı da azalacaq, artıq dollara da elə bir ehtiyac qalmayacaq. Biz dolları daha çox nəyə xərcləyirik? Xaricdən ərzaq məhsulları alıb gətiririk. Azərbaycan əhalisinin 65 faizi 80-ci illərin sonunadək kənd təsərrüfatı ilə məşğul olub. Yəni, regionları dirçəltmək, xarici bazarlardan asılılığı azaltmaq üçün ölkədə kifayət qədər potensial var. Sadəcə, bu potensialı dəyərləndirmək lazımdır”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, ölkədə iqtisadi-sosial siyasət tamamilə dəyişməlidir: “Məsələn, bu gün kəndlərə gedirsən, görürsən ki, bom-boşdur. Tutaq ki, kəndlinin 1 hektar yeri var əkib-becərmir. Kəndlərdə elə bir iqtisadi mühit yaratmaq lazımdır ki, kəndli həmin torpağı hərəkətə gətirsin və şəhərdəki insanlar da ərzaq məhsulları ilə təmin olunsun. Bununla bağlı sələhiyyətli qurumlar, səlshiyyətli şəxslər ciddi şəkildə məşğul olmalıdırlar. Onlar gözləyirlər ki, Prezident bu barədə nə isə desin. Axı, niyə hər şeyi Prezident deməlidir. Sələhiyyətli şəxslər ciddi iqtisadi model ortaya qoymalıdırlar ki, insanlar bahalaşmadan əziyyət çəkməsinlər. Bu gün Azərbaycanda münbit torpaqlar da, əmək resursları da kifayət qədər çoxdur. Ölkənin kifayət qədər valyuta ehtiyatı da var. Deməli, bu işə ağıllı yanaşma lazımdır ki, bu torpağı bu pulla, bu resursla optimal istifadə edək. Nəticədə ölkəni cəmi 2 ilə yoxsulluqdan həqiqi mənada çıxarmaq olar. Kənd camaatı da rahat şəkildə gedib kəndində yaşayar. Məsələn, bu gün mənim kəndimin 70 faizi Bakıda, Bakıətrafı ərazilərdə, Xırdalanda məskunlaşıb. Onlar kənddən Bakıya hansısa şən həyata gəlməyiblər. Kimisi fəhlə, kimisi sürücü, kimisi xidmətçidir və s. Təbii ki, kənddə iş imkanı olsa, onlar elə kənddə qalıb yaşayardılar. Yəni, biz insanlara həmin mühiti yaratmalıyıq. Yoxsa, paytaxtda yaşam xərci nə qədər baha olsa da kənddən şəhərə axın davam edəcək”.