Bakıda Səudiyyə Ərəbistınının milli bayramı qeyd olunub (FOTO)

21:18 20.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Səudiyyə Ərəbistanı Krallığının elan olunmasının 93-cü ili tamam olur. Bu məqsədlə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi Krallığın elan olunması Günü münasibətilə rəsmi qəbul təşkil edib. 

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət təmsilçilərinin də iştirak etdiyi mərasimdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Sonra çıxış edən Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli Səudiyyə Krallığının Azərbaycanla gündən-günə genişlənən hərtərəfli dostluq əlaqələrindən söz açıb. Səfir əl-Cuteyli ölkələrimiz arasında əməkdaşlığın gələcəkdə də davam edəcəyini bildirərək vurğulayıb ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanı sürətli inkişaf yolu keçib.

Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. O, ilk gündən indiyədək lkələrimiz arasında mövcud olan əlaqələrin bir qayda olaraq yüksələn xətt üzrə inkişaf etdiyini deyərək əlavə edib ki, bu günədək hər iki ölkənin maraqlarına uyğun çox sayda saziş və memorandumlar imzalanıb. Hazırda Səudiyyə-Azərbaycan əlaqələri bir çox sahədə, xüsusilə ticarət sahəsində yüksək səviyyədədir.

“Bu əlaqələr iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında səfər mübadiləsi ilə əlamətdar olub və biz hazırda Səudiyyə Ərəbistanı-Azərbaycan İşgüzar Şurasının yaradılması yolu ilə ticarət dövriyyəsinin həcminin artırılması üzərində işləyirik”, - səfir bildirib.

Səudiyyə Ərəbistanı səfiri deyib: “Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və qardaş Azərbaycan xalqına möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycana isə inkişaf və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram”.

Daha sonra maliyyə naziri Samir Şərifov çıxış edərək Azərbaycan Prezidentinin və Hökumətinin Səudiyyə Ərəbistanı xalqına səmimi təbriklərini çatdırıb.

Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır. Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. Səudiyyə Ərəbistanının ölkəmizdə qeyri-neft sektorunun ən böyük investorlarından biri olduğu diqqətə çatdırılıb.

S.Şərifov qeyd edib ki, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı yüksək səviyyədədir.

“Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Hər iki ölkənin dövlət başçılarının səyi nəticəsində əlaqələrimiz daha da inkişaf edir. Hər iki ölkənin əməkdaşlığı bir çox beynəlxalq təşkilatlarda da birlikdə inkişaf edir. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi, siyasi, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq edir. Xüsusilə, ticarət sahəsindəki inkişaf bizi sevindirir. Eyni zamanda, bu ölkə Qarabağda bərpa və quruculuq işlərinə öz töhfəsini verir. Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünə dəstək verib və buna görə Ermənistanla əlaqələr qurmamışdır”, - deyə nazir vurğulayıb.

Çıxışlardan sonra bayram mərasimi oynaq ərəb musiqisinin müşayiəti ilə qeyri-rəsmi hissədə davam edib.

P.S. "Həftə içi" qəzetinin kollektivi olaraq Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri cənab İssam bin Saleh əl-Cuteylini və səfirliyin bütün diplomatlarını bayram münasibətilə təbrik edirik.