Bakıda sığınacaqda uşaqlara zor tətbiq edənləri HANSI CƏZA GÖZLƏYİR?

18:20 02.06.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən  sığınacaqda 10 may 2022-ci ildə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilmiş monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırmalara başlanılıb. Hazırda istintaq davam edir.

Fiziki və yaxud da psixioloji şiddət görmüş azyaşlıların reabilitasiyası üçün nəzərdə tutulan belə müəsisədə yaşanan xoşagəlməz hadisə ictimaiyyət arasında da təəssüf hissi ilə qarşılanıb.

Mövzu ilə bağlı Hafta.az-a danışan "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə söylədi ki, xoşagəlməz halların qarşısını almaq üçün ilk növbədə sığınacaqlarda fəaliyyət göstərən hər bir şəxs öz peşəsi üzrə yerli və dünya təcrübəsini mənimsəməlidir. Sığınacaqlar isə akkreditasiyadan keçməlidir:

“İlk öncə onu deyim ki, sığınacaq ayrıca qurum kimi fəaliyyət göstərmir. Sığınacaq, qeyri hökumət təşkilatının tərkibində olan xidmət sektoru kimi formalaşır. Burada çalışan hər bir kadr da həm ölkə təcrübəsini, həm dünya standartlarını, həm də uşaq hüquqlarını bilməlidir. Ondan sonra belə mərkəzlərin fəaliyyəti tam formalaşmış olur.  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Məişət Zorakılığı Qurbanları ilə Reabilitasiya işi aparmaqla bağlı akkreditasiyadan keçmək mütləqdir. Ümumiyyətlə Azərbaycanda çox az sığınacaq var. Bildiyim qədərilə akkreditasiyadan keçmiş 3 sığınacaq Bakıda, biri isə Gəncə şəhərində fəaliyyət göstərir. Digərlərinin isə akkreditasiyası ilə bağlı məlumatım yoxdur. Ötən il, hər bir sığınacağın fəaliyyətinin araşdırılması ilə əlaqədar monitorinq qrupları yaradıldı. Komissiyanın tərkibinə aidiyyatı qurumların, nazirlik və komitə nümayəndələri qatılmışdı. Onlar bizim sığınacaqda da oldular, bütün prosesi izlədilər”.

K.Ağazadənin sözlərinə görə, uşaqlara şiddət göstərdiyi müəyyən edilən sığınacaq əməkdaşlarına ciddi cəza verilməlidir, çünki onlar həm də dövlətimizi təmsil edirlər:

“Sevgi uşaq evində nə olub-olmadığını dəqiq deyə bilmərəm. Fikrimcə, hüquq mühafizə orqanları hadisəni tam dəqiqliyi ilə araşdıracaqlar. Bugün uşaqların istismar edilməsində valideynləri ağır formada cəzalandırır və valideyn hüquqlarının məhdudlaşdırılması məsələsini qaldırılırsa, deməli, təşkilatlara daha ciddi yanaşmalıdırlar. Çünki burada söhbət uşağın qəyyumundan və valideynindən getmir, eyni zamanda dövlətdən gedir. Qanun qarşısında hər kəs cavab verməlidir”.

Müsahibimiz vurğuladı ki, Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağında işləyən hamı, il boyu müvafiq təlimlərdə iştirak edir və hər ay psixoloji yoxlanışdan keçir ki işini daha uğurlu həyata keçirə bilsin:

“Bizdə, sığınacaqda gecə-gündüz nəzarət sistemi mövcuddur. Bundan başqa, kadrlarımız beynəlxalq təlimlər görmüş peşəkar şəxslərdir. Əməkdaşlarımız il ərzində azı 4-5 dəfə peşə bacarıqlarının artırılması üçün təlimlər iştirak edirlər. Əlavə olaraq, hər ay sığınacağın bütün əməkdaşları, içi mən qarışıq psixoloji testlərdən keçirilir. Çünki bizdəki uşaqlar ağır problemlər yaşayıblar. İstər-istəməz biz də bu çətinlikləri görüb evimizə apara, evin dərdlərini də bura gətirə bilərik. Nəticə etibarıyla xoşagəlməz hallar yarana bilər”.

Aydın məsələdir ki, sığınacaqlara yerləşdirilən balacalar müxtəlif çətinliklər yaşadığı üçün burada rebilitasiyaya cəlb ediliblər. Bəs görəsən xüsusi qayğıya ehtiyacı olan uşaqlara fiziki və ya psixoloji şiddət göstərən şəxsləri hansı cəzalar gözləyir?

Vəkil Turan Abdullazadə məsələyə hüquqi müstəvidən yanaşdı. O, bildirdi ki, hadisədə inzibati xəta tərkibinin əlamətləri müşahidə olunur. İnzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlara qarşı hər hansı fiziki və psixoloji zorakılığın tətbiqi yolverilməzdir. Çünki,  sığınacaq daxilində nəzərdə tutulmuş bütün xidmət və tədbirlər ilkin olaraq əhalinin müdafiəsiz və həssas təbəqəsi sayılan uşaqların maraq və ehtiyaclarına uyğunlaşdırılır. Kimliyindən asılı olmayaraq, sığınacağa yerləşdirilmiş bütün uşaqlara münasibətdə heç bir ayrı-seçkiliyə yol verilmir. Sığınacağa yerləşdirilən uşaqlara zəruri tibbi, psixoloji, hüquqi, sosial yardımlar göstərilir, onlara təhsillərini davam etdirmək imkanı yaradılır”.

Daha sonra hüquqşünas, azyaşlılara şiddət göstərənləri hansı cəzaların gözlədiyindən də söz açdı. Qanunla belə şəxsləri pul cəriməsi, həbs və işdən azad etməklə cəzalandırmaq olar:

“İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən isə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Eyni zamanda həmin məcəllənin 181.0.2-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir”. Bundan əlavə uşağa qarşı fiziki və psixoloji şiddət göstərmiş şəxs məktəbəqədər təhsil müəssisəsinin və sığınacağın rəhbərliyi tərəfindən əmək və xidməti  vəzifələrini kobud şəkildə pozduğu üçün işdən kənarlaşdırıla bilər”.