Bakının kondinsioner işləməyən avtobusları - Yeni qaydalar hazırlanır

11:47 10.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son günlər ölkə ərazisində kəskin temperatur artımı müşahidə olunur. Havanın isti olması Bakıda ictimai nəqliyyatdan istifadə edənlər üçün əlavə çətinliklər yaradır. Səbəb isə çox sadədir. Kkoronavirus pandemiyası ilə əlaqədar ictimai nəqliyyatda maskaların taxılması vacibdir. Nəfəskəsən istidə marşrutlarda maska istifadə etmək isə bir çox sərnişinlərdə narahatlıq yaradır. Amma avtobuslarda kondisioner işləyərsə bu ağırlığı bir az azalda bilər. 

Bəli, işləyərsə və ya avtobus sürücüləri işlədərsə...

Məlum olan odur ki, Bakı şəhərində hələ ki, yeni avtobuslarda kondisionerləri sürücülər işlətmirlər.

"BakuBus" MMC-yə məxsus avtobuslarda kondisonerlər işləmir. Sürücü isə belə izah edir:

"Bizə tapşırıq verilməlidi. Deyilib ki, hələ ki, qoşulmasın. İsti günlər başlayandan kondisonerləri işlətməmişik. Nə zaman tapşırıq olacaqsa, məmuniyyətlə işlədəcəyik. Bizi bu barədə jurnalistlər incidirlər. Qaynar xətt var. Zəng edin aydınlaşdırın. Başqa halda biz heç nə deyə bilmərik, içəriyə də şəkil çəkmək üçün buraxa bilmərik. İcazə almalısınız".

Həmin ərazidə dayanan digər avtobuslarda da eynidir vəziyyət - kondisioner işləmir, maska ilə avtobuslara daxil olan şəxslər də, istidən dayana bilmədikləri üçün maskanı çıxarmağa məcbur olurlar.

Eyni vəziyyət Bakıda digər şirkətin - "Xaliq Faiqoğlu” MMC-nin avtobuslarında da mövcuddur. Bu kimi nəqliyyat vasitələrindən istifadə edən şəhər sakinlərindən soruşduq, istifadə etdikləri avtobuslarda kondisionerləri sürücülər işlədirmi?

Samir bəy deyir ki, istifadə etdiyim avtobuslar demək olar ki, yeni gətirilən avtobuslardır. Amma istifadə etmirlər: "Hədsiz isti olur. Köhnə avtobuslarda şüşələri açmaq mümkündür. Bunlarda pəncərələr balacadır. Açdıqda belə effekt olmur"

Digər sakin Rəhimə xanım da narazıdır. Deyir ki, niyə kondisionerlər işləməsin?

Məsələyə aydınlıq gətirmək üçün müvafiq qurumlarla da əlaqə saxladıq. 

"Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi olan TƏBİB-lə məsləhətləşmələr aparılır. TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub. Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır". 

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Qurum qeyd edib ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək: "Buna qədər isə avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib".

Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik.  

Bəli, hələlik ictimai nəqliyyatda kondisionerlərin nə zaman işə salınacağı dəqiq deyil. Dəqiq olan isə odur ki, Operativ Qərargahın tələblərinə uyğun olaraq avtobuslarda maska taxmaq vacibdir. Bu addım sizin və yaxınlarınızın sağlamlığı üçün mütləqdir. Nə qədər çətin olsa da, gəlin qaydalara əməl edək. Məşhur atalar sözündə deyildiyi kimi, şətin günün ömrü az olar...