Təxminən, iki həftədən çoxdur, dünyanın diqqəti ABŞ və Avropadakı bank böhranlarına yönəlib. Qeyd edək ki, qlobal maliyyə sektoru ABŞ-ın “Silicon Valley Bank” və “Signature Bank”ının müflis olmasından 465 milyard dollar itirib. Həmin bankların təsiri ilə İsveçrənin aparıcı bankı - “Credit Suisse”in maliyyə vəziyyəti pisləşib və kredit təşkilatı ölkənin ən böyük bankı UBS-ə satılıb.
Yeri gəlmişkən, son günlərdə ABŞ və Avropadakı bank böhranları fonunda sosial şəbəkələrin Azərbaycan seqmentində müxtəlif istifadəçilər tərəfindən “bank sisteminin çökməsi”, “əmanətlərin dondurulması”, “kart və hesablarda olan pulları nağd etmək tövsiyə edilir” başlıqları altında paylaşımlar yayılmaqdadır. Maraqlıdır, görəsən, bu məlumatlar həqiqəti nə dərəcədə əks etdirir? ABŞ və Avropadakı bank böhranları Azərbaycan banklarına təsir edəcəkmi?
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, son ayda Azərbaycan banklarında əmanətlərin azalması müşahidə edilir:

“Əgər qarşıdakı bir ayda da əhali əmanətlərinin azalması davam edərsə, o zaman hesab edirəm ki, mütləq şəkildə əmanətlərin gəlirlərinə tətbiq olunmuş vergi tutulmaları ən azı qlobal böhran səngiyənədək dayandırılmalıdır. Əks halda düşünürəm ki, mənfi tendensiya ciddi şəkildə narahatlıq yarada bilər. Çünki bank sektoru insan immuniteti kimidir, bəzən qorxub bu sektora real vəziyyətdən daha çox mənfi təsir göstərə bilər. Yəni, insanların narahat olması nəticə etibarilə bu tendensiyanı sürətləndirə bilər. Vergilər tətbiq olunduqdan qısa müddət sonra, bir ay ərzində təxminən 11 milyard 928 milyon əmanatlərin həcmi 11 milyard 901 milyon manata düşüb. Bu isə o deməkdir ki, ötən ay ərzində əhalinin əmanətləri 27 milyon manat azalıb. Biz depozit gəlirlərinə olan vergini bərpa etməklə nə qədər qazanırıq? Nəzərə alsaq ki, əmanətlərin orta faiz dərəcəsi rəsmi statistikaya görə 8,5 faizdir. Əslində metodologiyanı daha real hesablasaq, görərik ki, bu rəqəm 6-7 faiz həcmində dəyişir. Çünki burada hesablama metodologiyası o qədər uğurlu deyil, yəni, reallıqda əmanətlərdən insanların qazandığı vəsait ortalama 11,9 milyard manatlıq vəsaitin təqribən 6-7 faizi həcmindədir. Bunun da 10 faizi vergiyə cəlb olunursa, təxminən 80 milyon manat ətrafında vəsait deməkdir. Yəni, bu vergini tətbiq etməklə bizim əldə etdiyimiz vəsait təqribən 80 milyon manatdır. Göründüyü kimi, bu o qədər də böyük məbləğ deyil. Amma bu verginin bank sektoru üçün yaratdığı narahatlıq, təlatüm daha çox mənfi fəsadlara gətirib çıxara bilər. Vergidən gələn vəsaitin faydası onun vergi baxımından yaratdığı ajiotajın zərərindən daha azdır. Təkrar edirəm, əgər bu tendensiya davam edərsə, mütləq şəkildə mövcud qaydaya yenidən baxılmalıdır”.
Bununla yanaşı, ekspert vurğulayıb ki, hazırda bankların bağlanacağı ilə bağlı təhlükə yoxdur: “Düzdür, müəyyən statistik məqamlar arzuolunmaz halların olduğunu göstərir. Məsələn, kredit portfelinin istiqamətlənməsinin 76 faizinin Bakının üzərinə düşməsi, bütün regionlara cəmi 24 faiz olması, bank sisteminin təxminən 3 bankın üzərində cəmləşməsinin yuxarı səviyyədə olması və s. müsbət hal deyil. Aktivlər üzrə 65 faiz, depozit portfeli üzrə 70 faiz, kredit portfeli üzrə 48 faiz məhz 3 bank üzərində formalaşır. Sabah bank sektoru üçün bir problem olacağı təqdirdə, bu ümumi konteksdə daha ciddi mənfi fəsadlar ortaya gətirib çıxara bilər”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli deyir ki, qlobal bank böhranlarının Azərbaycana təsiri yaranmış vəziyyətin necə inkişaf edəcəyindən asılıdır:

“ABŞ və Avropanın mərkəzi bankları maliyyə sistemlərinin kifayət qədər güclü olduğunu, maliyyə sektorunun likvidlik probleminin olmadığını, bu səbəbdən öz problemlərini həll edə biləcəklərini elan ediblər. ABŞ-da yaşanan böhranın ardınca sektora kənardan dəstək verilib. Əgər əvvəllər 250 min dollara qədər depozitlər sığortalanmışdısa, ABŞ hökuməti onu limitsiz etdi. Hətta startapların cari hesablarında sığortalanmayan məbləğlərin də qaytarılacağını bildirdilər. Amma bu, bütün banklara şamil edilmir. Hökumət bir-iki banka yardım edə bilər. Təbii ki, proses belə davam etsə, ciddi problemlər yaranacaq. Əgər vəziyyət indiki kimi qalsa, maliyyə sektoru çökməsə, bu böhran Azərbaycanın bank sektoruna təsir etməyəcək".
Ekspert həmçinin vurğulayıb ki, Azərbaycanda 2015-ci il devalvasiyasından sonra bankların sayı yarıbayarı azalıb: “Devalvasiyadan öncə ölkədə 44 bank fəaliyyət göstərirdi. Milli valyutanın iki dəfə dəyər itirməsindən sonra onların bir çoxu müflisləşdi. Hazırda Azərbaycanda lisenziyalı 25 bank fəaliyyət göstərir. Mərkəzi Bankın bəyanatlarına baxsaq, qalan bankların kifayət qədər etibarlı olduğuna dair gözlənti var. Hazırda Azərbaycanın bank-maliyyə sektorunda sabitlik var. İnsanların banklara əminliyi, etibarı və bir etimadı var. Son dövrlərdə Əmanətlərin Sığortalanması Fondunun bir açıqlama yaydı ki, əmanətçilərin 99.8 faizi, ümumi əmanətlərin təqribən 45 faizi tam sığortalanıb. Bu baxımdan hazırda baş verən proseslərin Azərbaycanın bank sektoruna təsir göstərəcəyinə inanmıram. Təbii ki, bu nikbin proqnozum indiki məqamı əhatə edir. İqtisadiyyat dinamikdir, çox sürətli proseslər gedir. Bir aydan və ya yarım ildən sonra nə olacağını indidən demək çətindir. İqtisadiyyata təkcə bu sektorda baş verən proseslər deyil, eyni zamanda siyasi, hərbi gərginliklər də təsir göstərir”.
Mövzu ilə bağlı millət vəkili, iqtisadçı Vüqar Bayramov isə bizimlə söhbətində qeyd edib ki, ölkədə bank sisteminin çökəcəyi, əmanətlərin dondurulması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bunlar hamısı birmənalı şəkildə şaiyədir. Əslində, əsas banklarda göstəricilər əvvəlki illərlə müqayisədə daha yaxşıdır. Sözsüz ki, bank sektorunda islahatlar davam etdirilməlidir və bu istiqamətdə də fəaliyyətlərin genişləndirilməsi çox vacibdir. Amma bütövlükdə maliyyə sektorunda ümumi daxili məhsulun 70 faizdən çoxunu formalaşdıran bank sektorunun qısa zamanda çökməsi, bütün bankların müflis olması real ola bilməz. Ona görə də vətəndaşlar şaiyə tipli informasiyalara inanmamalıdırlar”.
Yeri gəlmişkən, məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyası da açıqlama yayıb. Qurumun məlumatında bildirilir ki, müəyyən sosial şəbəkələrdə müxtəlif istifadəçilər tərəfindən “bank sisteminin çökməsi”, “əmanətlərin dondurulması”, “kart və hesablarda olan pulları nağd etmək tövsiyə edilir” başlıqları altında yayılan informasiyalar həqiqəti əks etdirmir: “Bu məlumatlar tamamilə yanlışdır və təxribat xarakteri daşıyır: “Bildirmək istəyirik ki, 2022-ci ilin nəticələri bank sistemi, o cümlədən rəqəmsal ödənişlər üzrə uğurlu olub. Bank sektorunda müşahidə olunan inkişaf tendensiyası hazırkı dövrdə də yüksələn trayektoriya ilə davam edir və bank sistemi bu inkişaf fonunda öz dayanıqlılığını qorumaqdadır. Cari ilin fevral ayının sonuna Azərbaycan bank sektorunun aktivlərinin həcmi 45.7 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8 faiz çoxdur. Hesabat dövründə bankların kredit portfelinin həcmi isə ötən ilin fevralına nəzərən 15.4 faiz, ilin əvvəlinə nəzərən isə 163 milyon manat artaraq, 19.8 milyard manata yüksəlib. Banklara inam göstəricisi kimi göstərilən əhalinin banklardakı əmanətlərinin həcmi isə 11.7 milyard manata yüksəlib ki, bu da illik 18.1 faiz, ilin əvvəlinə nəzərən isə 1.5 faizlik artımın olduğunu göstərir”.
Qurumdan bildirilib ki, cari ilin fevral ayında dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.4 faiz artaraq, 13 milyon 654 min ədəd təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artıb və 2877 milyon manat olub.
Azərbaycan Banklar Assosiasiyası ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamaq, həmçinin bu kimi təxribat xarakterli hallara qarşı ehtiyatlı olmağla bağlı çağırış edib.