Azərbaycandan son 10 gün ərzində bağlanan bankların sayı 4-ə çatdı. Artıq “AGBank” ASC və “NBCBank” ASC -nin lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib. Bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilib, müvafiq qiymətləndirmələr aparılıb.
“NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunub, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olub. “NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54 faizi (73 milyon manat) qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 74 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunub. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilib ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib.
“AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilib və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51 faizi qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunub.
Açıqlamada vurğulanır ki, qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank” ASC-nin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Sözügedən qurum həmçinin bəyan edib ki, hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və onların banklarda olan əmanətlərinin itirilməsi təhlükəsinin qarşısının alınması və onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır. Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99 faizdən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.
Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək.
Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan olunub, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilib. 1 may tarixindən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılıb və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir. Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam kompensasiya olunacaq.
Ləğv edilmiş bankların hamısı Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək.
Bəs, görəsən, banklarda nə baş verir? Onların müflis elan edilməsinin əsas səbəbi nədir?
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Əkrəm Həsənov hesab edir ki, bağlanan bankların problemləri heç də eyni deyil:
“Əgər hansısa bankın xeyli problemli krediti varsa və həmin kreditlərin girov təminatı zəifdirsə və ya heç yoxdursa, deməli, həmin bankın rəhbərliyi bilə-bilə bankı talan edib. Belə bankı əlbəttə ki, bağlamaq lazımdır. Buna misal kimi “Atabank”ı göstərmək olar. Bu bank əslində bir il bundan əvvəl bağlanmalı idi. Amma başqa hal da ola bilər. Bank əsasən sağlam biznes kreditlər verib, amma borclular onları ödəmir. Kreditlərin kifayət qədər girov təminatı var. Bank məhkəməyə üz tutur. Aydın məsələdir ki, yekunda məhkəməni udacaq, girova tutma yönəldiləcək, hərracda satılacaq və bank pulunu götürəcək. Lakin bu, vaxt tələb edir. Bu müddətdə Mərkəzi Bank sonuncu instansiya kreditoru olaraq belə problemli banka kredit verməlidir ki, öhdəliklərini vaxtında icra edə bilsin. Bank da öz kreditlərini yavaş-yavaş qaytarıb Mərkəzi Bankın borcundan çıxmalıdır. Buna misal isə “AGBank” idi. Bəs bizdə nə baş verir? Mərkəzi Bank azı bir il əvvəl bağlanmalı olan “Atabank”ı yalnız indi bağlayır. Özü də bunu digər 3 bankın taleyi ilə bərabər həll edir. Sanki sonuncuların da problemləri “Atabank” kimidir. Əslində isə belə deyil. Nəticədə həmin 3 bankın sırasında sağlamı da varsa, təbii, müştərilərinin panikaya düşməsi səbəbindən problem yaşamağa başlayır”.
Ekspert vurğulayıb ki, “Atabank” istisna olmaqla digər 3 bankı xilas etmək mümkün idi: “Bəzi banklara sadəcə, kredit vermək lazım idi. Necə ki, 3 il bundan əvvəl Beynəlxalq Banka təxminən 3 milyard dollar ayırdılar və bankı yenidən dirçəltdilər. Bəs niyə Mərkəzi Bank kredit vermək istəmir? Əvvəla, ona görə ki, hazırda Mərkəzi Bank üçün əsas məsələ devalvasiyadan qorunmaqdır. Özü də valyuta ehtiyatlarını mümkün qədər az xərcləməklə. Digər tərəfdən, Mərkəzi Bankdan kredit almaq elə də asan məsələ deyil. Məsələn, iqtisadi artım dövründə belə Mərkəzi Bankın uçot dərəcəsi 2-3 faiz olsa da, banklarımız nədənsə xaricdən 5-6 faizlə dollar krediti götürməyə üstünlük verirdilər. Elə buna görə də əhaliyə və sahibkarlara krediti dollarda vermişdilər və 2015-ci il devalvasiyasından sonra biz bunun acı nəticəsini daddıq. Axı ağlı başında olan bank niyə 2-3 faizlə Mərkəzi Bankdan manat krediti deyil, xaricdən 5-6 faizlə dollar krediti götürsün? Bəlkə ona görə ki, Mərkəzi Bankın verdiyi kredit reallıqda onlara daha baha başa gəlirdi?
Ümumiyyətlə isə Mərkəzi Bankın sədri Elman Rüstəmovun açıqlamalarından belə başa düşülür ki, banklarla bağlı verilən bu qərarlar son deyil. Bu addımların davamı olacaq və daha bir neçə bankın fəaliyyətinin dayandırılacağı qaçılmazdır”.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov isə deyib ki, koronavirus pandemiyasının yayılması digər sahələr kimi bank sektoru üçün çətinlikləri daha da artıb:
“Bank sektorunun sağlamlaşdırılması tədbirlərinin keyfiyyəti indiki halda aşağı düşəcək. Bunun yaratdığı yeni çağırışlar var. Mərkəzi Bank mümkün qədər imkanlarından istifadə bankların sağlamlaşdırılması istiqamətində tədbir görməyə çalışacaq. Amma əgər bankların maliyyə vəziyyəti buna imkan verərsə, təbii ki. Əgər bank ciddi maliyyə çətinliyi ilə üz-üzədirsə və sağlamlaşdırılması mümkün deyilsə, məcburən bağlanma haqqında qərarlar qəbul edilir. İndiki halda, bu bankların bağlanması bütövlükdə bank sektorunun reputasiyasına ağır zərbə olacaq və eyni zamanda banklara olan inamın azalmasına gətirib çıxaracaq. Ona görə də çox riskli bir məqamdır. Vəsaitlərin banklardan geri çəkilməsi prosesi başlaya bilər. Həm dünya, həm də Azərbaycan təcrübəsində bənzər situasiyalar çox yaşanıb. Bu prosesin özü də bank sektorunda əlavə risk dalğasının formalaşmasına gətirib çıxara bilər”.
İqtisadçı ekspert iflas edən bankların sayının çoxalmasını da istisna etməyib: "Bankların maliyyə hesabatlarına baxdıqda hər şey çox yaxşı, yəni qaydasında görünür. Lakin bankların maliyyə hesabatları ilə onların durumunu aydınlaşdırmaq mümkün olmur. Hesabatlar düzgün tərtib olunmur, məlumatlar düzgün ictimailəşdirilmir. Ona görə də, hazırda, bank sektorunda real vəziyyətin qiymətləndirilməsi, tam olaraq mümkün deyil. Ola bilsin ki, belə banklar var. Düşünürəm ki, Mərkəzi Bank bu istiqamətdə daha detallı araşdırmalara başlayacaq. Çünki situasiya əvvəlki dövrlərlə müqayisədə mürəkkəbdir və bank sisteminin sağlamlaşdırılması, eyni zamanda güvənirliliyinin təmin edilməsi çox vacib amillərdən biridir".