Baş nazir məişət zorakılığını “milli böhran” adlandırıb

09:59 30.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstraliyanın baş naziri Entoni Albanese ölkə daxilində qadınlara zorakılığa qarşı etirazlardan sonra məişət zorakılığını “milli böhran” kimi qiymətləndirib.

Hafta.az-ın yazdığına görə, o, Avstraliyada məişət zorakılığı nəticəsində həyatını itirən qadınların vəziyyətinə diqqət çəkmək üçün təşkil edilən etiraz aksiyaları ilə bağlı “Nine Network” telekanalına açıqlamalar verib.

Etirazların gender əsaslı zorakılığın qarşısının alınması üçün hökumətə bir çağırış olduğunu bildirən Albanese, çağırışa əməl etmələri lazım olduğunu və "sadəcə empatiyanın kifayət etmədiyini" deyib.

Entoni Albanese deyib: “Qadıların orta hesabla dörd gündən bir yoldaşının əlindən ölməsi milli böhrandır”.

Digər tərəfdən baş nazir Albanese paytaxt Kanberrada qatıldığı mitinqdə etirazçıların sərt reaksiyaları ilə üzləşib. Etirazçılar ona “Hərəkətə keç”, “İşini gör” kimi şüarlar səsləndirərkən, baş nazir zorakılığın qarşısı alınmalı və diqqətin cinayətkarlara yönəldilməli olduğunu bildirib.

Avstraliyada qadınlara qarşı zorakılığa diqqət çəkmək üçün həftə sonu ölkə daxilində 17 fərqli etiraz aksiyası keçirilib. Melburndakı etiraz aksiyasına təxminən 15 min adamın qatıldığı təxmin edilir.