ABŞ müdafiə sənayesinin aparıcı nəşrlərindən olan “Breaking Defence”, “Baykar” şirkətinin Səudiyyə Ərəbistanı ilə imzaladığı müdafiə və aerokosmik ixrac müqaviləsinin əhəmiyyəti ilə bağlı qiymətləndirmələr edib.
Hafta.az-ın yazdığına görə, adıçəkilən şirkət, “Bayraktar Akıncı” ixracatına dair ötən həftə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə Türkiyə Cümhuriyyəti tarixinin müdafiə və aviasiya sahəsində ən böyük ixracat müqaviləsini imzalayıb. Bu müqavilədən sonra şirkət “Bayraktar Akıncı”nın Səudiyyə Ərəbistanında istehsalı üçün Səudiyyə Ərəbistanı Hərbi Sənayesi (SAMI) ilə əməkdaşlıq müqaviləsi imzalayıb və bu dünya mətbuatında, xüsusən də ABŞ-da əks-səda doğurub.
“Breaking Defence”nin mövzu ilə bağlı xəbəri “Baykar”ın Səudiyyə Ərəbistanında imzaladığı müqavilələrin əhəmiyyətinə diqqət çəkib.

“Baykar”ın baş direktoru Haluk Bayraktar “Breaking Defence”ə verdiyi açıqlamada “Baykar”ın "buzqıran" kimi irəlilədiyini və Türk müdafiə sənayesi şirkətlərinin yolunu açdığını ifadə edərək, "Əməkdaşlıq edən tərəfdaşlarımız Aselsan və Roketsan da NCMS şirkəti ilə müqavilələr bağladı. Bu müqavilələr sayəsində Türkiyənin müdafiə və aerokosmik sənayesində alt sistemlər istehsal edən yüzlərlə şirkət bu sahədə yeni əməkdaşlıqlarla ixrac portfellərini genişləndirəcək” deyib.
Bayraktar bildirib ki, son razılaşma ilə Səudiyyə Ərəbistanı Hərbi Sənayesi Akıncının hissələrinin yerli istehsalına kömək edəcək.
"Bu münasibətlə uzun illər apardığımız AR-GE işlərindən əldə etdiyimiz bilik və təcrübəni köçürəcəyik. İnanıram ki, bu razılaşmalar Səudiyyə Ərəbistanının texnologiyanı lokallaşdırmaq məqsədi daşıyan “Hədəf 2030” layihəsinə də ciddi töhfə verəcək. Həm ixrac müqaviləsi, həm də əməkdaşlıq müqaviləsi üçün əsas rəqiblər vardı. Başda Çin və ABŞ-dan rəqibləri olsa da, prosesin qalibi “Bayraktar Akıncı” olub. Çox vacib rəqibləri geridə qoyaraq belə bir layihənin icraçısı olduq. Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında güclü və strateji əməkdaşlıq mövcuddur. İnanıram ki, iki ölkənin birgə səyləri regional və qlobal sabitliyə töhfə verəcək”, - H.Bayraktar əlavə edib.
Baykarın satılmasının və ya bəzi media orqanlarında iddia edildiyi kimi, bir prosesin aparıldığının doğru olmadığını vurğulayan Bayraktar, "Baykar əvvəlki kimi irəliləməyə davam edir. Şirkət quruluşumuzda heç bir dəyişiklik olmayacaq" deyib.
“Breaking Defence” məqaləsində fikirlərinə yer verilən ekspertlər, “Baykar”ın imzaladığı müqavilələrin Türkiyə ilə Səudiyyə Ərəbistanının müdafiə sənayesi arasında uzunmüddətli əlaqələr yaradacağını və bu vəziyyətin Türkiyənin digər Körfəz ölkələri ilə əməkdaşlığını artıracağını bildirib.
Mütəxəssislər həmçinin Səudiyyə Ərəbistanı müdafiə sənayesi ilə ittifaqın “Baykar”ın istehsal sürətini və gücünü artıracağını da vurğulayıblar ki, bu da Türkiyənin pilotsuz hava həllərinə artan tələbatı ödəmək üçün vacibdir.