BDU-nun nəzdində «GƏNC İSTEDADLAR» LİSEYİNDƏ Xocalı soyqırımının qurbanları anıldı – FOTO

11:25 26.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BDU-nun nəzdində «Gənc İstedadlar» liseyində Azərbaycan xalqına qarşı həyata keçirilən ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Hafta.az xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımız, həmçinin Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.

İlk olaraq çıxış edən «Gənc İstedadlar» liseyin direktoru Arif Bağırov Ermənistanın Azərbaycan dövlətinə və xalqımıza qarşı həyata keçirtdiyi təcavüz siyasətinin ən qanlı hadisələrindən olan Xocalı soyqırımı barədə danışıb.

Bildirib ki, bu tarixin gənclərimiz tərəfindən öyrənilməsi xüsusilə vacibdir. Onun sözlərinə görə, liseydə belə anım tədbirlərinin təşkili, şagirdlərin xalqımızın başına gətirilən müsibətlər, soyqırımlar haqqında məlumatlandırılması gənclərin vətənpərvər ruhda böyüməsi, daha yetkin vətəndaş kimi formalaşmasına xidmət edir.

Direktor Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib və onları vətənpərvər olmağa səsləyib.

Daha sonra çıxış edən natiqlər Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq amansızcasına qətlə yetirilib. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı Xocalı Soyqırımı Günü elan olunub.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə dünyada Xocalı həqiqətlərinin tanıdılması istiqamətində mühüm addımlar atılır. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə reallaşdırılan «Xocalıya ədalət» kampaniyası xüsusi olaraq qeyd edilməlidir.

Çıxış edənlər Xocalıda dinc, əliyalın vətəndaşlara divan tutulmaqla həyata keçirilən soyqırım aktının əsl məqsədinin Azərbaycan xalqının gözünü qorxutmaq, mübarizə əzmini qırmaq olduğunu vurğulayıblar.

«Lakin düşmən öz istəyinə nail ola bilmədi. 30 il sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gücü, qüdrəti nəticəsində Vətən müharibəsində böyük Zəfər qazandıq. Torpaqlarımız işğaldan azad edildi, Vətən müharibəsi Azərbaycan xalqının vətənpərvərliyini, mərdliyini, qəhrəmanlığını dünyaya göstərdi. Qəhrəman oğullarımız Xocalı qurbanlarının qisasını aldı. Bu gün biz qalib xalqın vətəndaşlarıyıq” – deyə bildirilib.

Tədbirin sonunda «Gənc İstedadlar» liseyinin şagirdlərinin hazırladığı ədəbi bədii-kompozisiyalar təqdim olunub. Tədbir iştirakçılarında dərin təəssürat oyadan və şagirdlər tərəfindən səsləndirilən şerlərdən birini təqdim edirik:

Könül, gözüm açılıbdır
Bir də heç vaxt bağlamaran
Daha göz yaşım quruyub
Xocalıya ağlamaram........
Bəsdir daha bu 30 il
Ağlamaqdan olduq zəlil,
Ürək deyir gözünü sil,
Mən daha yas saxlamaram
Xocalıya ağlamaram.
Hər bir hayın hüzürünə,
Erməninin yas gününə,
Qorxaq hayın ölümünə,
Fəxr eləyim,səbəbkaram,
Qarabağa ağlamaram.

Qeyd edək ki, liseydə şagirdlərin Xocalı soyqırımının 30 illiyinə dair çəkdikləri rəsm əsərləri də nümayiş etdirilir.