Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyədən çox sayda SİHA almaq qərarına gəlib.
Hafta.az-ın yazdığına görə, BƏƏ ilə Türkiyə arasında münasibətləryaxşılaşandan sonra Əbu-Dabi hökumətinin türk səlahiyyətliləri ilə "Baykar Technology" istehsalı olan silahlı pilotsuz uçuş aparatları ilə bağlı danışıqlar apardığı bəlli olub.
"Middle East Eye"nin xəbərinə görə, aylardır davam edən danışıqlar nəticəsində BƏƏ-nin diqqətini "Bayraktar TB2" SİHA-ya dikdiyi üzə çıxıb. Mart ayından etibarən Əbu Dabi administrasiyasına bağlı Tevazun İqtisadi Şurası ilə Baykar səlahiyyətliləri arasında aparılan danışıqlarda BƏƏ-nin toplu satınalma təklifi etdiyi bildirilib. Müvafiq olaraq, danışıqlarda 120 ədəd "Bayraktar TB2" tədarükü ilə yanaşı, böyük həcmdə sursat, komanda-idarə mərkəzi və təlim paketləri sifariş edilib.
Məlumata əsasən, 120 dəst "Bayraktar TB2" SİHA və digər vasitələrin yer aldığı paketin ümumi dəyərinin 2 milyard dollara yaxın olduğu bildirilib.
Bildirilir ki, əgər bu alğı-satqı baş tutarsa, BƏƏ Yaxın Şərqdə Türkiyədən sonra ikinci ən böyük SİHA donanmasına sahib olacaq.